Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, martın 28-də Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqları aşkar olunub.
Məlumatda deyilir ki, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Bundan öncə də Xocalıda basdırılmış insan qalıqları aşkar edilib. Onlardan azı 18 insan qalığının kimliyi müəyyən edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir ki, 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilən, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib.
“İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır”, sənəddə qeyd edilir.
Ermənistan rəsmiləri Xocalıdakı qətliamla bağlı ittihamları qəbul etmir və bəzi rəsmi şəxslər hadisələrin baş verməsini Azərbaycan daxilində həmin zaman siyasi çəkişmələrlə əlaqələndirir.