Türkiyə Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana verməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 4-də “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” ilə bağlı yaydığı bəyanatda Ermənistanı dəqiq mina xəritələrini Azərbaycan verməyə çağırıb.

“Minalarla çirklənməyə görə uzun müddətdir ciddi təhlükə ilə üzləşən Əfqanıstan kimi ölkələr, eləcə də işğaldan azad etdiyi torpaqlarında aşkar edilməmiş çox sayda mina olan Azərbaycanın təhlükəsizlik qayğılarını bölüşürük. Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana verməyə çağırırıq”, Türkiyə XİN cümə axşamı yaydığı bəyanatda qeyd edib.

Türkiyənin dünyada və regionda minalara qarşı mübarizəyə ciddi töhvə verdiyini qeyd edən Türkiyə XİN, Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə piyada əleyhinə minaların istifadəsi, tədarükü, istehsalı və köçürülməsinin qadağan edilməsi, eləcə də zərərsizləşdirilməsi ilə bağlı Ottava Konvensiyasını və bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəklədiyini bildirib.

Ermənistan 2020-ci ildəki 44 günlük müharibədən sonra Azərbaycan ərazisindəki minalanmış sahələrə dair 972 xəritəni qeyd-şərtsiz Azərbaycana təhvil verdiyini bildirib.

Bu ilin yanvar ayında rəsmi Yerevan daha 8 mina xəritəsini Bakıya təhvil versə də, Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) bu xəritələrin “qeyri-dəqiq, etibarsız və natamam” olduğunu bildirib.


Aprelin 4-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalko Avropa İttifaqının Azərbaycana minatəmizləmə səylərində ciddi şəkildə dəstəklədiyini, Aİ-nin dəstəyi sayəsində Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradıldığını deyib.

“Fəxr edirik ki, bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o cümlədən ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib çıxarıb və Azərbaycanın bu sahədə lider mövqeyinə töhfə verib. Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik”, Mixalko X səhifəsində yazıb.

ANAMA-nın məlumatına görə, 1991-ci ildən bəri 3429 şəxs mina qurbanı olub ki, onların 358-i gənc və ya uşaq, 38-i isə qadındır.

2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə isə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.