Azadlıq radiosunun yaydığı və Amerikanın səsinin Bakı müxbirinin təstiq elədiyi xəbərə görə Culfa rayonu Ərəzin kənd sakini Turac Zeynalovun bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyində (MTN) nəzarət altında ikən ölümünü araşdırmaq üçün Naxçıvana gedən Azadlıq radiosunun bölgə müxbiri Yafez Əkrəmoğlu Naxçıvanın rəsmi dairələri tərəfindən Muxdar Respublikadan deportasiya olunub.
Amerikanın səsinin müxbirinin verdiyi məlumatda deyildiyi kimi hava limanında fəhlə işləyən 32 yaşlı Turac Zeynalov avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış, 4 gün sonra isə onun cəsədinin morqa aparıldığı müəyyən edilmişdi. Naxçıvanda Demokratiya və Sülh Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova hadisənin detalları barədə Amerikanın səsinə müsahibə vermişdi.
Azadlığın müxbirinin bildirdiyinə görə o hadisəni araşdırmaq üçün Naxçıvana çatan kimi hərəkətləri, haraya getdiyinin izlənildiyinin şahidi olub:” Hava limanından Ərəzin kəndinə getmək üçün taksiyə oturarkən izləndiyimi hiss etdim və bunu asan olmayacağını başa düşdüm. Yol boyu taksi sürücüsünə mütəmadi zənglər gəlirdi. Sürücüdən harada olduğumuz, hansı istiqamətə getdiyimiz haqda soruşulurdu. Məcbur olub, taksini Ərəzin kəndinə yox, başqa istiqamətə sürdürdüm. Ərəzin kəndinə isə, növbəti gün gedə bildim”- deyə o bildirib.
Yafez Əkrəmoğlunun Azadlığın saytında yazdığına görə, Ərəzdə hadisə və mərhumun yas mərasimi barədə mümkün qədər məlumat əldə edəndən sonra Naxçıvan şəhərinə qayıdıb. O, məsələ haqqında əlavə məlumat əldə etmək üçün Naxçıvanda Milli Təhlükəsizlik Nazirliyinə getməyə hazırlaşanda özlərini təqdim etmək xahişini yerinə yetirməyən adamlar tərəfindən maşınla Culfaya aparılıb və oradan İrana deportasiya edilib. Həmin şəxslər Yafez Əkrəmoğluna Culfaya gedən vaxt yolda bir ay ərzində Naxçıvana qayıtmamasını tapşırıblar.
Azadlıq radiosu rəhbərliyinin məsələ barədə verdiyi bəyanatda deyilir ki, Əkrəmoğluna Turac Zeynalovun ölümü haqqında xəbər yazmamaq da tapşırılıb, Naxçıvana bir aydan tez qayıtmasının və məsələ barədə yazmasının ona bahaya başa gələcəyi bildirilib. Bəyanatda deyilir ki, Azadlığın müxbiri Culfadan İrana keçməyə məcbur ediləndən sonra taksi götürüb və İran ərazisində Biləsuvar gömrük məntəqəsinə gələrək ordan Azərbaycana keçib və Sentyabrın 1-də Bakıya qayıdıb.
Azadlıq radiosunun prezidenti Steven Korn hadisəni “dəhşətli, təhlükəli və cinayət” adlandırıb və Azərbaycan hökumətinin məsələ barədə açıqlama verməsinə ehtiyac olduğunu bildirib.