Əkrəm Əylisli "xuliqanlıqda" ittiham edilir (Yenilənib)

Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əyləsliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Yazımının oğlu Nəcəf bildirib ki, atası sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

***

Martın 30-da Bakı aeroportunda polis tərəfindən 15 saat saxlandıqdan sonra azad edilən yazıçı Əkrəm Əylisli Turan agentliyinə bildirib ki, ona qarşı guya sərhəd xidmətinin əməkdaşına fiziki zorakılıq tətbiq etməsilə bağlı uydurma cinayət işi hazırlanır.

Ə.Əylisli ədəbiyyat festivalında iştirak etmək üçün səhər saat 5:00-a yaxın Venesiyaya getmək istərkən sərhədçilər tərəfindən saxlanılıb və saat 20:00-da buraxılıb.

“Sərhədçilər məni pasport nəzarətinə buraxmadılar, dedilər ki, çıxışıma qadağa qoyulub. Sonra gömrükçülər sərhəd xidməti işçilərinin iştirakı ilə məni və əl yükümü beş dəfə yoxladılar, cəmi səkkiz nəfər idi”, - yazıçı bildirib.

Sonra onu polisə təhvil veriblər və yazıçı axşama qədər orada qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, Ə.Əylisli gömrük əməkdaşları ilə münaqişə yaratdığına görə saxlanılıb.

“Sərhədçilərdən biri mənim əleyhimə ifadə verdi ki, guya mən qapalı, müşahidə kamerasının olmadığı yerdə onun sinəsindən vurmuşam və onda qançır əmələ gəlib”, - 78 yaşlı yazıçı deyib.

Sonra Ə.Əylisli qeyd edib ki, saxlandığı müddətdə bütün xidmət harasa telefon edərək nəyisə dəqiqləşdirməyə çalışıb.

“Pasportumu aldılar, bildirdilər ki, mən xalq düşməniyəm və dindirməyə çağıracaqlar”, o bildirib.

Ə.Əylisli hesab edir ki, hakimiyyət onu saxlamaqla Venesiya ədəbiyyat festivalında iştirakının qarşısını almaq istəyib.

“Mən “Hakimiyyət və yazıçı” şərti adlı məruzə ilə çıxış etməliydim və mənim çıxışımı gözləyirdilər”, o vurğulayıb.

Ə.Əylislinin saxlanması ilə bağlı Turan agentliyinin təhlili göstərir ki, rəsmi versiyadan danışmağa dəyməz. Belə ki,

1. Yazıçı “insident”dən öncə saxlanılıb ki, bu da o deməkdir ki, saxlanma barədə qərar bundan öncə qəbul edilib. Qanuna görə, çıxışa məhdudiyyət aşağıdakı hallarda qoyulur: əgər vətəndaş a) dövlət sirri daşıyıcısıdır; b) ona qarşı cinayət işi qaldırılıb və ya məhkum edilib; c) hərbi çağırışa qədər hərbi mükəlləfiyyətlidirsə. Məhdudlaşdırcı bəndlərdən heç biri yazıçıya tətbiq edilə bilməzdi.

2. Yazıçının özü və yükü beş dəfə yoxlanılıb. Ölkədən çıxan çox az adam tapılar ki, desin ki, onu bu qədər, üstəlik beş dəfə yoxlayıblar. Çox güman ki, axtarış aparanlar yazıçının Venesiyaya apardığı məruzəni axtarıblar.

3. Müşahidə kamerasındakı qeydlərin açıqlanması ilə bağlı Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin çağırışına cavab olaraq hakimiyyət bildirib ki, insident qapalı yerdə baş verib. Yükün izləmə kamerası olmayan yerdə yoxlanması anormal haldır, lakin məntiqlidir, çünki aeroport xidmətinin Ə.Əylisliyə qarşı qərəzli davranışını, eləcə də yazıçının öz davranışını gizlətmək lazımdır.

4. Həmçinin sual yaranır – 78 yaşlı yazıçı sərhədçini necə bərk vurub onun sinəsini göyərdə bilər? Zərərçəkən kimi qələmə verilən şəxs üzləşmə zamanı bədənində xəsarət və ya qançırın olmasına dair subut təqdim etməyib.

5. Yazıçının pasportu əlindən alınıb. Lakin pasport yalnız istintaq altında olan və ya məhkum edilmiş şəxslərdən alına bilər. Azad edildikdən sonra pasport qaytarılıb.

6. Və sonuncu, Azərbaycan Konstitusiyasının 60-cı maddəsində (hüquq və azadlıqların məhkəmə təminatı) deyilir ki, hər bir şəxsin saxlandığı, həbs edildiyi, ittiham sürüldüyü andan vəkil köməyindən istifadə etmək hüququ var. Lakin Ə.Əylisliyə bu hüquq verilməyib.