NİDA-çı gənclər aclıq aksiyasını davam etdirir

NİDA fəalları (Plakat NİDA-nın Facebook səhifəsindən götürülüb)

Gənclərə dəstək olaraq dünyanın müxtəlif ölkələrində dəstək aksiyaları keçirilir
NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü aclıq aksiyasını 11 gündür davam etdirir.

Yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə gənclər aclıq aksiyasını davam etdirirlər.

Bununla belə onlar gənclərin səhhətindən narahatdırlar.

NİDA-çı gənclər aclıq aksiyasını davam etdirir

Hərəkatın həbsdə olan üzvü, Idarə Heyətinin keçmiş üzvü Rəşad Həsənov son vəziyyətləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində aprelin 25-də açıqlama verib.

Azadlıq qəzetində dərc olunan açıqlamada deyilir:

“Artıq 10 gündür başladığımız aclıq aksiyamız davam edir. Hələlik səhhətimizdə, kiçik nüansları çıxsaq, ciddi problemlər yaşanmayıb. Amma zaman keçdikcə fəsadlar gözlənilir.

Bu aksiya başlayandan, başda ailələrimiz olmaqla, yaxın ətrafımız, mübarizə yoldaşlarımız, ictimai-siyasi xadimlər və s. şəxslər bizə çoxlu mesajlar ünvanlayır. Mesajların mətn və üslubu fərqli olsa da, hamısının bircə məqsədi var: aclığı dayandıraq!

Aksiyamızın heç kimə faydası olmamasını iddia edənlər yanılırlar. Onların hazırda görə bilmədikləri faydaları, biz başlamazdan əvvəl görürdük və görməkdəyik. Liderliyin ən vacib xüsusiyyətlərindən biri viziondur. Elə bizi həbsə gətirən səbəblərdən biri də budur.

Bir şeyi qeyd edim ki, mən haqqımda olan şayiələrin qarşısını almaq üçün məhkəmədə jurnalistlərə bildirmişəm ki, “kimdənsə - hətta ailə üzvlərim və vəkillərimdən də - aclığı dayandırdığımı eşitsəniz, inanmayın”.

Yoxsa mən “öldü var, döndü yoxdur” deməmişəm.

Indi isə üzümü siz gənclərə tutub deyirəm ki, əgər siz ciddi addımlar atmasanız, məcburam ki, ölənə kimi davam etdirim aclığı.

Bu aksiya ilə bağlı hər bir incəlik hesablanıb və hazırda planlı addımlar atılır. Yəni, kortəbii heç nə yoxdur. Emosional yox, rasional addımlayırıq. Təəssüflər olsun ki, bizdən fərqli olaraq, həbsdə olmayan, yəni bizə görə daha geniş hərəkət imkanı olan şəxslər, aktivistlər xüsusilə kiçik və ya böyük liderlər emosional yanaşır məsələyə. Valideynlərin aclığa aclıqla qarşılıq verməsini hardasa anlamaq olar, amma aktivistlərin gecə-gündüz yas tutması qəbuledilməzdir!

Hər böhran təhlükə ilə yanaşı eyni zamanda bir fürsətdir. Biz əlimizdən gələn ən təsirli və eyni zamanda ən təhlükəli vasitəyə müraciət etmişik. Növbə sizindir!

Əlimizdən heç nə gəlmir, “bizə lazımsınız” və s. yazmaqla bizə qətiyyən təsir etmirsiniz.

Hər zaman dediyim kimi: Heç nədən və heç kimdən qorxmayın! Fəal və cəsarətli olun!"

NİDA-çı gənclər aclıq aksiyasını davam etdirir

Gənclərə dəstək davam edir

Almaniyanın Nürnberg şəhərində yaşayan mühacirlər aksiya keçiriblər. Onlar “Nida” Vətəndaş Hərəkatının həbsdə olan gənclərinə dəstək nümayiş etdiriblər.

Azərbaycanın Berlindəki səfirliyinə və Nürnberg şəhərinin meriyasına Azərbaycan, alman dillərində qətnamə göndərilib.

Bu barədə aksiyanın təşkilatçısı, Almaniyada mühacirətdə olan müsavatçı gənc fəal Tural Sadıqlı məlumat verib.

İştirakçılar əllərində NİDA-çı gənclərə dəstək olan, Azərbaycan hakimiyyətinin gəncləri dərhal azad etməsi tələbini ifadə edən və Alman ictimaiyyətini Azərbaycandakı siyasi həbslər barədə maarifləndirən plakatlar tutublar.

Meriyaya verilən qətnamədə deyilir:

“Biz – aksiya iştirakçıları – Almaniya hökumətindən xahiş edirik ki, Azərbaycanda insan haqq və azadlıqlarının qorunmasında Azərbaycan xalqının yanında olsun. Bu istiqamətdə Azərbaycan hakimiyyətinə öz təsirini göstərsin”.

Həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Valideynləri övladlarının azad edilməsi üçün aprelin 20-də aclıq aksiyasına başlamışdı. Lakin övladlarının "siz dayandırmasanız biz quru aclığa başlayırıq" mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdılar.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Elə həmin gündən onlar aclıq aksiyasına başlayıblar.