Prezident Əliyev Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirir

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezidentin rəsmi saytının məlumatına görə, prezident Əliyev bildirib ki, ilin birinci yarısında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru təxminən 11 faiz artıb.

Əsas hədəfin qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu istiqamətdə çox ciddi nailiyyətlərin qazanıldığını, qeyri-neft sektorunda gedən proseslərin iqtisadiyyatın ümumi inkişafının təzahürü olduğunu vurğulayıb.

İlin birinci yarısında kənd təsərrüfatı sahəsində təxminən 5 faiz səviyyəsində artım olub, ölkə iqtisadiyyatına qoyulan sərmayələr xeyli artıb.

Prezident İlham Əliyev qeyd edib ki, xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişafını əks etdirir.

“12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə, ilin sonuna kimi bu sərmayələrin səviyyəsi 25 milyard dollara çatacaqdır”

Əliyev deyib ki, ölkənin valyuta ehtiyatları ildən-ilə artır və bu gün 48 milyard dollardan çoxdur.

Dövləti başçısı bildirib ki, islahatlar güclü sosial siyasətlə tamamlanır.

“Ona görə də hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artır, manatın məzənnəsi sabit qalır. Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmışdır, inflyasiya isə cəmi 2 faiz olmuşdur. Maaşlarda artım qeydə alınmışdır, orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir”.

Prezident n fikrincə, ölkənin bölgələri də sürətli inkişaf dövrünü yaşayır, rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır.

“Bu ilin sonunda başa çatacaq regionların inkişafı üzrə ikinci Dövlət proqramı, eyni zamanda, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı uğurla icra edilir”.

Əliyev son altı ay ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük diqqət yetirildiyini söyləyib.

“Son bir il ərzində anti-Azərbaycan, ermənipərəst, ölkəmizin uğurlu inkişafını qəbul edə bilməyən qüvvələr fəaliyyətlərini gücləndiriblər və bu da təbiidir. Çünki ölkənin müstəqil siyasəti, daxildəki sabitlik, xoş əhval-ruhiyyə heç də onları qane edə bilməz”.

Avropa İttifaqına səfərinin xüsusi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu səfərin müsbət nəticələrini, səfər zamanı bir çox məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yarandığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev ötən yarım ildə Azərbaycanın enerji siyasətini də uğurla davam etdirdiyini bildirib.

Dövlət başçısı ötən ay Bakıda keçirilən hərbi parada da toxunub və vurğulayıb ki, bu parad ordu quruculuğu sahəsində görülən işlərin hesabatı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini bir daha göstərib.

Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ilin birinci yarısında görülmüş işlər barədə məlumat verib.

Yekunda prezident Əliyev ölkədə maaş və pensiyaların artımı nəzərə alınaraq makroiqtisadi sabitliyə böyük diqqət yetirilməsinin vacibliyini bildirib.

Prezident dövlət büdcə xərclərinin, sosial ödəmələrin, maaşların, pensiyaların artması, investisiya layihələrinin icrası, sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması fonunda inflyasiyanın aşağı səviyyədə saxlanılmasını böyük uğur adlandırıb.

Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun, Xəzərdə ən böyük dəniz limanının tikintisinin də uğurla davam etdirildiyini söyləyib.
O sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya, sənayeləşmə, içməli su, kanalizasiya, enerji, qazlaşdırma layihələrinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.

Prezident əhalinin korrupsiyaya qarşı mübarizə ilə bağlı atılan addımları dəstəklədiyini bildirib. “ASAN xidmət”in fəaliyyətini xüsusi vurğulayan dövlət başçısı əhali arasında qısa zaman ərzində rəğbət qazanan bu xidmətin şəbəkəsinin genişlənəcəyini diqqətə çatdırıb.