İsa Qəmbər: Ülvi ideallı Rəsulzadə hakimiyyətini korrupsioner rejimlə müqayisə etmək olmaz [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

İsa Qəmbər: Ülvi ideallı Rəsulzadə hakimiyyətini korrupsioner rejimlə müqayisə etmək olmaz

Müsavat Partiyasının başqanı İsa Qəmbərin 28 May - Respublika Günü münasibəti ilə Amerikanın Səsinə müsahibəsi
Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində 1918-1920-ci illərdəki Azərbaycan Respublikası ilə 1991-ci ildən sonrakı dövrdə mövcud olan Azərbaycan Respublikası arasındakı oxşar və fərqli cəhətlərdən danışıb.

Amerikanın Səsi: 1918-1920-ci illərin iki illik respublikası ilə indiki 22 illik respublikanın fərqli və oxşar cəhətləri nədən ibarətdir?

İsa Qəmbər: Maraqlı sualdır. Bu iki illik, 1918-1920-ci illərdə

İsa Qəmbər

mövcud olan cümhuriyyət dövrü ilə (bu dövrə Müsavat dövrü də deyirlər), 1991-ci ilin 18 oktyabrından indiyədək olan cümhuriyyəti müqayisə edərkən, indiki cümhuriyyətin bir ilini, Elçibəy hakimiyyəti dövrünü, milli demokratik hakimiyyət dövrünü ayırmaq lazımdır. Çünki 1918-1920-ci illər hakimiyyəti ilə 1992-1993-cü illər Elçibəy hakimiyyəti faktiki olaraq eyni dəyərlərə xidmət edən, eyni hədəflər uğrunda mübarizə aparan bir sistem idi, hakimiyyətlər idi. Buna görə də onlar arasındakı fərqlər daha çox obyektiv şəraitlə bağlı fərqlər idi. Çünki qüvvələr eyni mahiyyətli idi, dəyərlər eyni idi.

Amma Elçibəy hakimiyyətindən sonra gələn Əliyev hakimiyyəti ilə milli cümhuriyyətin fərqini müqayisəyə cəlb edəndə artıq diametral fərqli situasiya yaranır. Yəni o dövrdə Rəsulzadə başda olmaqla bir müsavat xətti var idi, azadlıqlar, müstəqillik hər şeydən üstün tutulurdusa, Əliyev hakimiyyəti dövründə demokratiyaya ancaq söhbət üçün, Azərbaycanı müəyyən strukturlara bağlamaq üçün dözülməsi lazım olan bir dəyər kimi yanaşılır. Nə siyasi, nə də iqtisadi azadlıqlar sahəsində bərabərlik yoxdur, hüquqlar tapdanır. Ona görə də korrupsioner bir rejimi, korrupsioner bir hakimiyyəti o zamankı təmiz, saf, ülvi hisslərlə, ideallarla yaşayan Rəsulzadə hakimiyyəti, cümhuriyyət hakimiyyəti ilə müqayisə etmək mümkün deyil.

Amerikanın Səsi: Azadlıqlara münasibət necə idi? Yəni demokratiyaya və fundamental insan azadlıqlarına, - birləşmək, toplaşmaq, mətbuat, söz, hakimiyyət uğrunda mübarizə azadlığına münasibət necə idi? İndiki vəziyyətdə bu necədir?

İsa Qəmbər: Yəni yenə də o dövrkü hakimiyyətlə Əliyev hakimiyyəti arasında yerlə-göy qədər fərq var. Yalnız Elçibəy hakimiyyəti dövrünü müqayisə etmək olar. Ancaq bu birisi dövrləri müqayisə etmək mümkün deyil. 1918-1920-ci illər cümhuriyyət dövründə parlamentdə bütün real qüvvələr təmsil olunmuşdu. Bütün az-çox diqqətə alınan qüvvələrə parlamentdə təmsil olunmağa şərait yaradılmışdı. İndi Əliyev hakimiyyəti yalnız ona ləbbey deyən şəxsləri parlamentə təyin edir.

O zaman ölkədə azadlıqlar gündən-günə inkişaf edirdi. İstər toplaşmaq, birləşmək azadlığı olsun, istərsə də fərdi azadlıqlar iqtisadi və siyasi sahədə inkişaf edirdi. Əliyev dönəmində isə bütün bu azadlıqlar total şəkildə məhdudlaşdırılır. Yəni mən hamıya bəlli iki faktı xatırlatmaq istəyirəm. Birincisi, Rəsulzadə hakimiyyətinin, müsavat hakimiyyətinin 1918-ci ildə Azərbaycanda qadınlara səs hüququ verməsi, əslinə qalsa bu fundamental bir inqilab idi. Azərbaycanda indiki hakimiyyətin isə insanları faktiki olaraq seçkidən kənarda saxlamağa çalışması kimi fundamental bir fərqi var. Başqa faktlar da xatırlatmaq olar.

İsa Qəmbər

Məsələn, cümhuriyyət dövründə parlament üzvü olan bir bolşevikin təxribatı və hüquq mühafizə orqanlarının onun həbsi barədə düşündüyünü diqqətə çatdırıram. Amma parlamentin icazəsi olmadan o deputat həbs olunmadı, bu adam da bundan istifadə edərək qaçıb sonradan 27 apreldə Azərbaycan Cümhuriyyətinə qarşı Rusiyadan gələn hücumlarda bilavasitə iştirak etdi. Bu fakt Azərbaycanda demokratiya, qanunun aliliyinə o zaman nə dərəcədə diqqət yetirildiyindən xəbər verir. İndiki hakimiyyətin isə ağına-bozuna baxmadan fərqli düşünən, bu hakimiyyətə tabe olmaq istəməyən, ləyaqətli yaşamaq istəyən insanları həbs etməsi yenə azadlıqlara münasibəti göstərir.

Amerikanın Səsi: Xarici siyasət kursları arasında fərqli və oxşar cəhətlər nədir? O zaman da Qarabağ məsələsi, İran, Rusiya təhlükəsi və qərbə inteqrasiya, indi də. Fərqli-oxşar cəhətlər nədir?

İsa Qəmbər: O zamankı cümhuriyyət hakimiyyəti ilə Elçibəy hakimiyyətinin fəaliyyətinin tam üst-üstə düşdüyünü qeyd etmək olar. İndiki hakimiyyətin isə bir qədər fərqli cəhətinin olmasını qeyd etmək zorundayıq. Çünki o zamankı hakimiyyət üçün Avropaya inteqrasiya seçilmiş bir hədəf idi. O bayrağımızda da, şüarlarda da əksini tapan bir gerçəklik idi. İndiki hakimiyyət üçünsə Avropaya inteqrasiya yalnız öz pullarını Avropada saxlamaq, Avropada istirahət etmək, avropalı kimi yaşamaq üçün özlərinin imkanları ilə bağlı olan seçimdir. Azərbaycanın gerçəkdən Avropaya inteqrasiyasını bu hakimiyyət istəmir. Qarabağ məsələsinə gələndə o hakimiyyət Qarabağda qiyamları, üsyanları yatırtmışdı, separatçılığın qarşısını almışdı. Qarabağ Azərbaycan hökumətinin tam nəzarəti altında idi. İndiki hakimiyyət dövründə isə Qarabağ işğal olunmuş vəziyyətdədir. Əliyevlərin rejimi dövründə torpaqların azadlığı uğrunda heç bir addım atılmayıb. Təhlükələr qalmaqda davam edir. Amma dövr başqadır. Çağdaş dövr elə imkanlar verir ki, ölkələrin müstəqilliyinin asanlıqla ləğv edilməsi, ölkələrin asanlıqla işğal edilməsi mümkün deyil. Beynəlxalq birlik yeni müstəqil dövlətlərin müstəqilliyinə təminat verir. Bu yaxınlarda Amerikanın səfiri cənab Morninqstar da axırda dözməyib yüngülvari bir işarə elədi və hakimiyyətdəkilər çox qəzəbləndilər. Bu bir reallıqdır. Bu gün ABŞ olmasa, Avropa olmasa Rusiyanın yeni ekspansiya cəhdlərinin qarşısını almağın nə qədər çətin olduğunu hər kəs dərk edir.

Amerikanın Səsi: Müsavat Partiyasının başqanı olaraq Azərbaycan xalqına təbrikiniz.

İsa Qəmbər: Mən bilirəm ki, bu gün Azərbaycanda vəziyyət çox mürəkkəbdir, çox böyük haqsızlıqlar, ədalətsizliklər var. Mövcud hakimiyyətin rüşvətxorluğu, müstəqil məhkəmənin olmaması və digər məsələlər, siyasi məhbusların sayı, işsizlik, mülkiyyət hüquqlarının pozulması, bütün bunlar dəhşətli bir atmosfer yaradır.

Bunlara dözmək çox çətindir. Ancaq sizlər də, bizlər də bilirik ki, bu Azərbaycanın müstəqilliyi ilə bağlı deyil, Azərbaycandakı hakimiyyətlə bağlı mənfi cəhətlərdir. Biz öz vətənimizə, öz azadlığımıza, öz müstəqilliyimizə sahib çıxmalıyıq.

Azərbaycanda xalqın hakimiyyəti formalaşandan sonra bütün bu məsələlərin həlli çox asanlıqla baş verəcək. Mən hər birinizə, xüsusən də bu gün həbsdə olan, öz fədakar mübarizəsi ilə Azərbaycan xalqının azadlığı nə qədər sevdiyini sübut edən siyasi məhbus dostlarıma, qardaşlarıma salamlarımı hörmətlərimi göndərirəm. İlk növbədə onları və hamınızı İstiqlal bayramı münasibəti ilə təbrik edirəm.

Amerikanın Səsi: Təbii ki, Azərbaycan xalqı bir bayraq altında birləşir və Azərbaycan xalqının harada yaşamasından asılı olmayaraq Azərbaycan Respublikası adlı bir dövləti var. Dünyada yaşayan azərbaycanlılarla təbrikiniz.

İsa Qəmbər: Azərbaycan dövləti dünyanın hər bir yerində yaşayan azərbaycanlılara sahib çıxmalıdır. Xüsusən təbii ki, on milyonlarla soydaşımızın yaşadığı İrandakı qardaş-bacılarımızdan söhbət gedir. Ancaq elə bütün dünyada yaşayan soydaşlarımızı mən təbrik etmək istəyirəm.

Əminəm ki, Azərbaycan dövləti hər bir vətəndaşına sahib çıxmalıdır. Hər bir azərbaycan kökənli insanın Azərbaycan vətəndaşı olmaq hüquq təsbit olunmalıdır. Azərbaycanın indiki hakimiyyəti bunu etmir. Ancaq inanıram ki, Azərbaycanda xalqın gerçək hakimiyyəti formalaşanda bütün bu məsələlər də həllini tapacaq. Bir daha sizləri gələcəyə inanmağa çağırıram. Azərbaycanın müstəqilliyi ideyasına, o üçrəngli bayrağımızın müqəddəs rənglərinə, gələcəyinə inanmağa çağırıram.