“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010-cu ilin mayında Kür çayında baş vermiş sel daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən işlərin monitorinqi üçün bu il yanvarın 7-də Saatlı və Sabirabad rayonlarında (Bakıdan 200-240 kilometr cənub-qərb) nəzərdə tutduğu tədbirlərin dövlət qurumları tərəfindən pozulması barədə bəyanat yayıb.
2010-cu ilin yazında baş vermiş Kür daşqınlarından 20 ay keçir. Ötən müddət ərzində daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində müəyyən işlər görülsə də fəlakətin nəticələri tam aradan qaldırılmayıb.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı vaxtaşırı daşqın bölgəsinə səfərlər edir, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, regiondakı mövcud problemləri öyrənir, təsirə məruz qalmış sakinlərlə görüşlər keçirir, onların üzləşdikləri və narahat edən problemləri dövlət qurumları qarşısında qaldırır.
Təsadüfi deyil ki, problemlərin həlli istiqamətində “Kür” Qərargahı ilə Fövqəladə Hallar Nazirliyi arasında son zamanlar əməkdaşlıq qurulub, müzakirələr keçirilir. Daşqınların təsirinə məruz qalmış 500 nəfərdən artıq vətəndaş son yarım il ərzində “Kür” Qərargahına müraciət edib. Müraciətləri araşdırmaq və mövcud vəziyyəti öyrənmək üçün bölgələrə səfər edən qərargah üzvləri növbəti görüşün yanvarın 7- də Sabirabadda keçirilməsini qərara almışdı.
Yerli icra hakimiyyəti və polis qərargah üzvlərinin regional seminar keçirmək və yerlərlə danışıqlar aparmasına imkan verməyib. Daşqınların təsirinə məruz qalmış vətəndaşlarla “Kür” Qərargahı üzvlərinin görüşünə nə qapalı zalda, nə də ki, açıq havada imkan verməyən Sabirabad polis şöbəsi və rayon icra hakimiyyəti qərargah üzvləri Mehman Əliyev və Oqtay Gülalıyevi öncə Sabirabad rayon Polis Şöbəsinə apararaq 2 saata yaxın onlarla “profilaktik” söhbət aparıb. Bakıya qayıtmaq istəyən qərargah üzvlərinin qarşısını Sabirabad və Saatlı rayon polis şöbəsinin əməkdaşları kəsərək özlərini təqdim etmədən, sənəd tələb edərək onları zorla Saatlı rayon polis şöbəsinə aparmaq istəyiblər. Qərargah üzvlərinə qarşı qeyri-etik və zorakı münasibət göstərən polis əməkdaşları “Kür” Vətəndaş Cəmiyyətinə məxsus videokameranı müsadirə edib, onun yaddaşını pozaraq yararsız vəziyyətdə geri qaytarıb. Daxili İşlər Nazirliyinin qaynar xətt xidmətinə müraciət etdikdən sonra polis əməkdaşları qərargah üzvlərini sərbəst buraxıb.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı baş verən bu üzücü olaylardan dərin narahatlığını ifadə edir. “Sabirabad və Saatlı rayonlarında baş verən hadisələr bir daha göstərdi ki, bəzi qüvvələr və hakimiyyət orqanları Kür-Araz daşqınlarının yaratdığı problemlərin həllinə çalışmaq, vətəndaşları dinləmək, bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq etmək əvəzinə insanlarda xof yaratmaq, onları basqı altında saxlamaq, QHT və medianı bölgəyə buraxmamaqla regionda polis gestapo rejimi yaratmaq istəyir. Bütün bunlar ona görə edilir ki, regionlar rəsmi təbliğat vasitələrində deyildiyinin əksinə olaraq məmur laqeydliyi, sosial problemlər, işsizlik, dərəbəylik, korrupsiya girdabında batır”, - deyə sənəddə qeyd edilir.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı daşqınların təsirinə məruz qalmış insanlara və qərargah üzvlərinə qarşı Sabirabad və Saatlı rayon polis şöbəsi əməkdaşlarının qanunsuz, zorakı, qeyri-etik hərəkətlərini qətiyyətlə pisləyir. “Daxili İşlər nazirindən baş vermiş hadisəyə və polislərin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edirik. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “QHT- lər və ictimai birliklər haqqında”, eləcə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini pozduğuna görə Sabirabad rayon İcra Hakimiyyətinin rəhbərliyi haqqında ciddi ölçü götürülməsini tələb edir, Prezident Administrasiyasını baş vermiş hadisə barədə ciddi ölçü götürməyə çağırır”.