"Təbrizdə türk dili kurslarına o qədər adam yazılıb ki..." [Audio-Müsahibə]

Məhəmməd Rəhmanifər

İnternet dərgiləri bu yaxınlarda Təbrizdə Ustad Şəhriyar Dərnəyinin türk dili kursları təşkil etdiyini və kursların əhali tərəfindən böyük rəğbətlə qarşılandığını yazıblar. Təbriz şəhərində yaşayan yazar və türk dili müəllimi Məhəmməd Rəhmanifər Amerikanın Səsi ilə söhbətdə kursların mahiyyəti və siniflərdə izlənilən proqramı şərh etməklə yanaşı ümumi toplumda türkcəni öyrənməyə marağın səviyyəsini dəyərləndirib.

Your browser doesn’t support HTML5

Məhəmməd Rəhmanifər Təbrizdəki türk dili kursları haqda danışır

Rəhmanifər bu kursların rəsmi icazə ilə həyata keçirildiyini və bu baxımdan yeni bir addım olduğunu önə çəkir.

Onun söylədiklərinə görə, kursları təşkil edən Ustad Şəhriyar Dərnəyi İrşad və Mədəniyyət Nazirliyinin göstərişi ilə fəaliyyət göstərən bir qeyri-ticari qurumdur və əsas fəaliyyəti ədəbiyyat və məşhur şair Ustad Şəhriyarın yaradıcılığı ilə əlaqədardır.

Yayılan kitablar, Təbriz və başqa şəhərlərimizdə qurulan ədəbi dərnəklər ya elə həmin sosial şəbəkələrdəki yazışmalarda görünən budur ki türkcəni öyrənməyə maraq hər gün artmaqdadır. İllər öncə ilə müqayisə edəndə də bu marağın artmasını aydın şəkildə görə bilirik.
Məhəmməd Rəhmanifər

“Dərnəyin bundan öncə də müxtəlif mövzularda təşkil etdiyi kurslar olub. Mən belə düşünürəm ki, Azərbaycanda və konkret olaraq Təbrizdə ana dilinə marağın günü gündən artması ilə bunlar türkcə kursları başlatmaq fikrinə düşüb,” deyə Şəhriyarla birlikdə özgələşməkdən özləşməyə doğru adlı kitabın müəllifi söyləyir.

Dərnəyin türkcə kurslarının fəaliyyətini yaxından müşahidə edən Rəhmanifər siniflərin əhali tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayır:

Ustad Şəhriyar Dərnəyinin türkcə kursu

“Baxmayaraq ki, bildirişlər geniş yayılmayıb və hamıya bildirilməmişdi, ilk gündə 120 nəfər sinfə qatıldı, ikinci gündə isə iştirakçıların sayı 300-ü aşdı... Nəticə bu oldu ki, türkcə ilə az-çox tanış olanlardan istəyək ki, çox getməsinlər. Çünki, izdihamın çox olduğu təqdirdə dərnəyin bu sinifləri davam etdirmə imkanı olmayacaqdır.”

Onun bildirdiyinə görə, sinifdə iştirak edənlərin böyük bir hissəsi ilk dəfə olaraq ana dillərini oxumaq istəyən şəxlərdən ibarətdir.

Məhəmməd Rəhmanifər həmçinin bu kursların uğurla davam edə bilməsi üçün onu siyasi atmosferdən uzaq tutmağın zəruri olduğunu israrlar vurğulayır.

“Bu fəzanı siyasi fəzaya qatmamağı bacara bilsək, yəni siyasi mitinq üçün deyil sadəcə dil öyrənməyə getsək, mən inanıram ki, Təbrizdə ayrı dərnəklər və qurumlar bunlardan öyrənib belə kurslar quracaqlar və bu kursların sayı günü gündən çoxala bilər,” deyə o qeyd edir.

Hələ bəzi ailələr var ki, hər hansı bir siyasi düşüncəyə bağlı deyillər, türk dili kurslarına da qatılmaq istəyirlər, amma, ehtimalən qorxurlar ki gedib ad yazdırsalar sabah onlar üçün bir sorun yarana..
Məhəmməd Rəhmanifər

Kurslarda izlənəcək dərs proqramının hələ bəlli olmadığına diqqət çəkən güneyli türk dili müəllimi deyir ki, “bizim istəyimiz türk dilinin məktəblərdə, mədrəsələrdə və bilimyurdlarda tədris olunmasıdır. Amma bu da bir başlanğıc ola bilər...”

İran Türklərinin əski tarixinə yeni bir baxış kitabının müəllifi İran Azərbaycanı toplumunda türk dilində yazıb oxumağa marağın getdikcə artdığını deyir:

“Toplumdakı marağı ölçmək üçün bir meydan araşdırması olmayıb. Amma yayılan kitablar, Təbriz və başqa şəhərlərimizdə qurulan ədəbi dərnəklər ya elə həmin sosial şəbəkələrdəki yazışmalarda görünən budur ki bu maraq hər gün artmaqdadır. İllər öncə ilə müqayisə edəndə də bu marağın artmasını aydın şəkildə görə bilirik. Hələ bəzi ailələr var ki, hər hansı bir siyasi düşüncəyə bağlı deyillər, bu kurslara da qatılmaq istəyirlər, amma, ehtimalən qorxurlar ki, gedib ad yazdırsalar sabah onlar üçün bir sorun yarana...”