Şəki apellyasiya məhkəməsi Tofiq Yaqublu və İlqar Məmmədovun cəzalarını olduğu kimi saxlayıb

İlqar Məmmədov və Tofiq Yaqublu

Bu gün AŞPA rəhbəri Ann Brasser Şəkiyə gedib

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsində 23-24 yanvar 2014-cü il İsmayıllı iğtişaşları haqqında iş üzrə proses başa çatıb.

Turan Agentliyinin məlumatına görə Anar Həsənov və Qənbər Ağamalıyev 3 il sınaq müddətinə şərti azadlığa buraxılıb.

Elşən İsmayıllının azadlıqdan məhrumetmə müddəti 5,5 ildən 3 ilə qədər endirilib.

Digər 7 məhbus, o cümlədən Tofiq Yaqublu və İlqar Məmmədovun cəzaları olduğu kimi saxlanıb.

Bu gün həmçinin AŞPA rəhbəri Ann Brasser Şəkiyə gedib və iki saat Tofiq Yaqublu və İlqar Məmmədovla söhbət edib. Bu barədə onlar özləri məhkəmə zalında bildiriblər.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarında iştiraka və onların təşkilinə görə cinayət məsuliyyətinə cəlb edib.

ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hər ikisi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb. Daha 8 nəfər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.