Azərbaycanda müstəqil səslərə qarşı uzunmüddətli repressiya ölkənin Avropa Şurasında altı aylıq sədrliyi dövrünün başa çatdığı bir vaxtda böhran həddinə çatıb. Bu barədə Human Rights Watch təşkilatının Azərbaycanla bağlı bəyanatında deyilir.
“Azərbaycan hökumətinin hüquq müdafiəçilərinə və hökumətin digər tənqidçilərinə ardıcıl təzyiqi onun Avropa Şurası öhdəliklərinə aydın hörmətsizliyini göstərir. Bu davamlı repressiyaların cavabsız qalması Avropa Şurasının nüfuzuna xələl gətirir”, - Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Goqia deyib.
Təşkilat həmçinin qeyd edib ki, son iki ildə Azərbaycanda ən azı 50 müstəqil və müxalif fəalı, jurnalist, bloqçu və hüquq müdafiəçisinə qarşı əsaslandırılmamış ittihamlar irəli sürülüb. Hazırda onlardan çoxu dəmir barmaqlıqlar arxasındadır. Azərbaycan Avropa Şurasında sədrliyə başlayandan hökumət azı 11 nəfəri həbs edib.
HRW Azərbaycanda qanunvericilikdə QHT-lərin susdurulmasına yönəlmiş bir sıra dəyişiklikləri, QHT-lərin bank hesablarının dondurulmasını xatırladıb.
Bununla belə, hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyevin hədəfə alındığı vurğulanır. Naxçıvanda döyülmüş jurnalist İlqar Nəsibovun özünə cinayət işinin açıldığı xatırlanır.
Təşkilat qeyd edir ki, Avropa Şurasının rəhbərliyi, baş katibi, Parlament Assambleyasının prezidenti, insan haqları komissarı, eləcə də üzv dövlətlər Azərbaycan hökumətini aşağıdakı addımları atmağa dəvət etməlidir:
- Həbsə atılmış şəxslər dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın, onlara qarşı siyasi motivli işlər ləğv edilsin;
- Müstəqil qurumlara qarşı qorxutma kampaniyası dayandırılsın, onların maneəsiz işinə şərait yaradılsın və çoxdan gözlənilən insan haqları islahatları gecikmədən həyata keçirilsin.