Accessibility links

İranda mərhum Əsgər Yusufinejadın türkcə Qolçaq filmi ilk dəfə kinoteatr ekranlarına çıxır


Qolçaq filmi
Qolçaq filmi

İran Azərbaycanının tanınmış kinorejissorlarından mərhum Əsgər Yusufinejadın türk dilində çəkdiyi Qolçaq filmi Novruz bayramı günlərində İranda kinoteatr ekranlarında olacaq.

2022-ci ilin sentyabr ayında vəfat edən rejissor öz sağlığında Qolçaq filminin Fəcr Festivalına qatılması və ümumi ekranı üçün icazə ala bilməmişdi. Filmin daha əvvəl Türkiyədə ümumi ekrana çıxdığı bildirilir.

Dövlət agentliyi İRNA-nın çərşənbə günü yaydığı xəbərə görə, Qolçaq filminin nümayişi martın 3-dən etibarən Sənət və Təcrübə Kinoteatrlarında başlayacaq və Novruz bayramında da ekranda olacaq.

İRNA “filmin türk dilində və farsca altyazı ilə nümayiş olunacağını” bildirib.

“Ev” və “Qolçaq” kimi türkdilli filmlərin rejissoru Əsgər Yusufinejad 2022-ci ilin sentyabr ayında 53 yaşında insult keçirməsi nəticəsində vəfat edib.

Mərhum Yusufinejadın türk dilində çəkdiyi filmlər mediada və tənqidçilər arasında geniş mübahisələrə yol açmışdı. Onun çəkdiyi “Ev” filmi son illərdə İranda diqqətləri cəlb etməyə başlayan türkdilli filmlərin ilk nümunələrindən olub. “Ev” 35-ci Beynəlxalq Fəcr Festivalında kino tənqidçilərinin geniş rəğbət və alqışını qazanmışdı. Ancaq onun Qolçaq filmi 40-cı Fəcr Festivalına Qatılmaq üçün icazə ala bilməmişdi

Tanınmış iranlı rejissor və 40-cı Fəcr Film Festivalının seçim komissiyasının üzvü Behruz Əfxəmi Yusufinejadın Qolçaq filminin türkcə olduğu üçün festivala alınmadığını bildirib. Əfxəmi bir müsahibədə Qolçaq filmini çox bəyəndiyini və onun “heyrətamiz bir film” olduğunu ifadə edib.

Keçən bir neçə ildə İran Azərbaycanında çəkilən türkdilli filmlər İrandan əlavə Türkiyədə də kino tənqidçiləri tərəfindən geniş rəğbət və alqışla qarşılaşırlar. Daha əvvəl Amerikanın Səsinə müsahibə verən rejissor Rza Siyami hesab edir ki, “son illərdə İranda türkcə film istehsalı düşünüldüyündən daha sürətli və daha güclü bir şəkildə irəliləyib.”

Forum

XS
SM
MD
LG