Accessibility links

Almaniya və ABŞ İranın cavabını qeyri-qənaətbəxş sayır


Almaniyanın kansleri Angela Merkel deyib ki, nüvə proqramını dayandırmaq müqabilində təkliflərə Tehranın cavabı qənaətbəxş deyil, çünki cavabdan İranın uranın zənginləşdirilməsi proqramını dayandırıb-dayandırmayacağı bəlli olmur.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə görə, İran avqustun 31-dək uranın zənginləşdirilməsi proqramını tam dayandırmalıdır.

Birləşmiş Ştatlar da İranın cavabını qeyri-qənaətbəxş sayıb. Dövlət Departamenti Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə məsləhətləşmələr apardığını deyib.

Bu arada ABŞ Konqresinin hesabatında amerika kəşfiyyatının İranın nüvə proqramı və bu ölkənin terror qruplaşmaları ilə əlaqələri ilə bağlı məlumatlarında çatışmazlıqların olduğu deyilib.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin hesabatında İranın nüvə, bioloji və kimyəvi silah proqramları, eləcə də siyasi iqtisadi həyatı haqqında daha çox informasiyaya ehtiyac olduğu bildirilir. Çünki, hesabata görə, lazımi informasiyanın olmaması İranla bağlı strategiyanın müəyyənləşdirilməsinə mane olur.

XS
SM
MD
LG