Accessibility links

Keçmiş səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasının rəisinə rəsmi ərizə ilə müraciət edib.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Bundan sonra yerli məhkəmə İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsi ilə bağlı qərar qəbul edib. İnsanovun vəkili sabiq nazirin ixtira etdiyi “İnssanovin” dərnmanının istehsalından qonorarlarının xarici bankda toplandığını bildirib.

Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, təcridxananın rəisinə ərizəsində Əli İnsanovun xarici banklarda toplanmış qonorarlarının müsadirəsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2015-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiyi bildirlir.

“Bu səbəbdən avqustun 1-də Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Baxmayaraq ki, İnsanov barəsində qanunsuz məhkəmə keçirildiyindən, şüşə qəfəsə salınaraq danışmaq imkanı verilmədiyindən Apellyasiya Məhkəməsuində iştirak etməkdən imtina edib və bu barədə rəsmi ərizə ilə məhkəməyə müraciət edib. Bütün bunlara baxmayaraq Əli İnsanov təcridxanaya gətirilib və 3 gün cərimə təcridxanasına (karser) salınıb”.

Vəkilin sözlərinə görə, keçmiş nazir cərimə təcridxanasında dözülməz şəraitdıə saxlanılıb.

“Əli İnsanov cərimə təcridxanasında olduğu günlərdə havanın temperaturu 38-42 dərəcə isti olmasına baxmayaraq sərinkeşlə (ventilyator) təmin edilməyib və vaxtlı-vaxtında içməli su verilməyib. Bu günə kimi də ona təsdiq olunmuş qida rasionu ilə qida verilmir, evdən gətirilən zəruri qidalar isə buraxılmır”, Babayev qeyd edib.

Onun dediyinə görə, Apellyasiya Məhkəməsi 6 avqust qərarı ilə apellyasiya baxışının Əli İnsanovun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib.

“Buna baxmayaraq Əli İnsanov hələ də Bakı İstintaq Təcridxanasında saxlanılır. O ərizəsində eyni zamanda, siyasi hakimiyyətin tapşırığı ilə işgəncələrin davam etdirilməsi üçün təcridxanada saxlanıldığını bildirir. O bunu bir müddət əvvəl mediada yayılmış hakimiyyətin ona qarşı sui-qəsd planının tərkib hissəsi hesab edir”, vəkil bildirib.

Əli İnsanov təcridxananın rəisi Azər Seyidovun qanunsuz hərəkətlərindən Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət edib.

XS
SM
MD
LG