Accessibility links

Anar Məmmədli: Ədalətin pulsuz təmin olunması nadir və təəccüblü hadisədir!


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü ilə bağlı ölkədə insan haqlarının durumu, QHT-lərə qarşı təzyiqlər və repressiyalarla bağlı məqalə yazıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, vicdan məhbusu, nüfuzlu Vatslav Havel İnsan Hüquqları mükafatının laureatı Anar Məmmədli Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü ilə bağlı ölkədə insan haqlarının durumu, QHT-lərə qarşı təzyiqlər və repressiyalarla bağlı məqalə yazıb.

Anar Məmmədlinin həbsxana divarları arasında yazdığı və yerli mediada çap olunmuş maraqlı məqaləsini təqdim edirik.

Ölkəmizin müstəqillik tarixində həbsxanalarda yüzlərlə siyasi məhbusun olması halları baş versə də, ancaq heç zaman həbsdə olan hüquq müdafiəçilərinin sayı bu qədər çox olmayıb.

Azərbaycanda müstəqilliyin 23-cü ildönümü son repressiyalar dalğası sayəsində “sıfır demokratiyası” şəraitində qeyd olunur. On ay öncə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən siyasi sifariş əsasında həbs ediləndə, Bakıdakı istintaq təcridxanalarında saxlanılan ictimai fəalların sayı indiki qədər çox deyildi. Ancaq 2014-cü il başlayan kimi siyasi repressiyalar daha da gücləndi. Və çox keçmədi mənim azadlığa çıxmağım üçün ötən ilin dekabrından ictimai vəkilliklə məşğul olan həmkarlarım - Leyla Yunus, İntiqam Əliyev, Bəşir Süleymanlı və Rəsul Cəfərov da həbs olundular. Ən maraqlısı isə, biz hazırda eyni təcridxanada saxlansaq da, bir-birimizin əhvalını yalnız vəkillərimiz vasitəsilə soruşa bilirik. Ölkəmizin müstəqillik tarixində həbsxanalarda yüzlərlə siyasi məhbusun olması halları baş versə də, ancaq heç zaman həbsdə olan hüquq müdafiəçilərinin sayı bu qədər çox olmayıb. Yeri gəlmişkən, hazırda səksəkəli və narahat şərtlər altında çalışan müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının azadlıqdakı fəaliyyəti həbsxanadan heç də qibtəedici görünmür. Bank hesabları bağlanmış, hər gün mənəvi terrora məruz qalan və öz ofislərini saxlaya bilməyən, bir sözlə “qanundan kənar” elan olunmuş həmkarlarımın düşdüyü durumu xatırlayanda, 20 kvadrat metrlik kamerada dünyadan təcrid olunmağı daha üstün sayıram.

Keçmiş Sovet idarəçilik metodunun dominantlığı

Ədalət hüququna sovetsayağı münasibətlə korrupsioner əxlaqın uzlaşmasını 3 ay ərzində Ağır Cinayətlər Məhkəməsinin zirzəmisində - dustaqların saxlama kamerasında da müşahidə etdim.

Bu yazını Bakı Apellyasiya Məhkəməsinin Avropa standartlarına uyğun təmir edilmiş binasında qələmə alıram. Binada aparılmış son təmirdən sonra sovet arxitekturasından əsər-əlamət qalmayıb. Bununla belə binada təqvim ilinə uyğun gəlməyən xeyli sovet ünsürləri qalmaqdadır - hazırda ədalətli mühakimə hüququna münasibət eynilə sovet dönəmindəki kimidir, hərçənd keçmiş SSRİ-də Apellyasiya məhkəməsi yox idi. Ədalət hüququna sovetsayağı münasibətlə korrupsioner əxlaqın uzlaşmasını 3 ay ərzində Ağır Cinayətlər Məhkəməsinin zirzəmisində - dustaqların saxlama kamerasında da müşahidə etdim. Dustaqlarla söhbətlərimdən bəlli oldu ki, sifariş əsasında (müxtəlif yüksək vəzifəli dövlət rəsmilərinin tapşırıqlarından söhbət gedir) həbs edilməmisənsə, ədalətli mühakimə hüququnun tətbiqi üçün rüşvətin məzənnəsi Cinayət Məcəlləsinin maddələrindən asılı olaraq dəyişir. Ədalətin pulsuz təmin olunması nadir və təəccüblü hadisədir!

2003-cü ildə ölkədəki seçici fəallığı son 10 il ərzində iki dəfə azaldı. Azərbaycan jurnalistikasına qarşı repressiyalar nəticəsində ölkə rəsmiləri müxbirlərin uzatdığı mikrofona cavab verən məmurdan media kapitanlarına müşavirə keçirib direktiv verən instansiyaya çevrildilər.

Heç kəsə sirr deyil ki, son 10 ildə ölkəyə axan neft pullarının artımına tərs mütənasib olaraq, insan hüquqları və demokratiyanın səviyyəsində reqress yaşanıb. Əfsus ki, 23 illik müstəqillik dönəmində nə sovet adamlarından, nə də müstəqilliyin övladlarından yeni - azad və müstəqil vətəndaşlar toplusu formalaşdırmaq mümkün olub. Sərbəst düşüncə, ifadə azadlığı, birləşmək və toplaşmaq hüquqları azmış kimi mülkiyyət və ədalətli mühakimə hüquqları da post-sovet mentalitetinin təntənəsi naminə qadağan edilib. Əvvəlcə siyasi ideyalar, platforma və qrupların dəyərsizləşməsi üçün inzibati-hüquqi və siyasi-psixoloji repressiya aparıldı. Buna paralel olaraq siyasi həyatda iştirak haqqı o qədər zəiflədi ki, 2003-cü ildə ölkədəki seçici fəallığı son 10 il ərzində iki dəfə azaldı. Azərbaycan jurnalistikasına qarşı repressiyalar nəticəsində ölkə rəsmiləri müxbirlərin uzatdığı mikrofona cavab verən məmurdan media kapitanlarına müşavirə keçirib direktiv verən instansiyaya çevrildilər. Və bəlli olur ki, vətəndaş cəmiyyəti qurumlarına qarşı son aylar daha da kəskinləşən hücumların məqsədi bütün düşünən və təşəbbüs göstərən vətəndaş birliklərin üzərində siyasi ağalıq yaratmaqdır; lap sovetlər dönəmində olduğu kimi...

Vətəndaş cəmiyyətinə təzyiqlərin legitimləşdirilməsi cəhdləri

Hazırda bəzi həmkarlarımın rəhbərlik etdiyi QHT-lərə qarşı aparılan istintaq prosesi mənə və SMDT-nin sədr müavini Bəşir Süleymanlıya qarşı ittihamlarla eynidir - vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma və qanunsuz sahibkarlıq. Həm SMDT-yə, həm də digər QHT-lərə bu ittihamların məhkəmə predmeti olmadan siyasiləşməsini göstərən ən kobud nümunə bu barədə rəsmi şəxslərin siyasi bəyanatlarıdır. Məsələn, SMDT-yə qarşı ittihamlar məhkəmədə sübuta yetirilməsə də, hakimlər siyasi sifariş əsasında hökm çıxardılar və bu məhkəmə prosesinin protokollarında da əksini tapıb.

Şübhəsiz ki, digər QHT-lərə və onların rəhbərlərinə qarşı ittihamları da prokurorluq əməkdaşları sübuta yetirə bilməyəcəklər! Ancaq hələ istintaqın başa çatmadığı halda və ya məhkəmənin hökmü qüvvəyə minmədiyi şəraitdə QHT-lərə qarşı mənəvi-siyasi terror dayanmaq bilmir. Bu cür təzyiqləri legitimləşdirmək isə 2 istiqamətdə aparılır.

Təxmini hesablamalara görə bu vəsaitin aylıq miqdarı 500 min AZN-dən az deyil. Bəs bu qurumların şəffaflığı niyə istintaq yolu ilə araşdırılmır?

Birinci istiqamət üzrə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına ictimaiyyətin etimadını sarsıtmaq yönündə yalanlar uydurulur. Buradaca qeyd edək ki, yalan və böhtan yolu ilə siyasi opponentləri, müstəqil jurnalist və hüquq müdafiəçilərini gözdən salmaq texnologiyası Sovet İttifaqından miras qalmış iyrənc metod kimi indi də dəbdədir. Bu cür təbliğatı Stalin də Leninin ölümündən dərhal sonra Lev Trotskiyə qarşı istifadə edirdi. Bu baxımdan uzun illər ərzində müstəqil ictimai xadimlər və hüquq müdafiəçiləri barədə gah ermənipərəst, gah xarici agent, gah da qrant vəsaitlərini mənimsəyən rəyi yaratmağa çalışıblar. Ancaq, həqiqət rəsmi təbliğatın uydurduğu yalanlardan xeyli fərqlidir. Məsələn, jurnalist Rauf Mirqədirov illər boyu Rusiyanın post-sovet şovinizmi və imperializminə yönəlmiş fəaliyyətini, o cümlədən, Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli prosesinə təhlükələrini araşdırıb. Ancaq indi onu zəif və kasıb Ermənistanın xüsusi xidmət orqanları ilə absurd əməkdaşlıqda ittiham edirlər. Yaxud hər kəsə bəllidir ki, 5 il öncədən başlayaraq sayı bəlli olmayan hökumətyönümlü QHT-lər, media və siyasi partiyalara qeyri-leqal yollarla maliyyə vəsaitləri ayrılır. Təxmini hesablamalara görə bu vəsaitin aylıq miqdarı 500 min AZN-dən az deyil. Bəs bu qurumların şəffaflığı niyə istintaq yolu ilə araşdırılmır? Məsələn, SMDT-nin 2006-cı ildən bəri həyata keçirdiyi layihələrini araşdıran və Baş Prokurorluq, Vergilər, Maliyyə və QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları olan ekspertlər müəyyən ediblər ki, 7 il ərzində ümumi məbləği 1 milyon dollar olan qrant vəsaitlərinin xidmət və əmək haqqı xərcləri üzrə 60 min ABŞ dolları "mənimsənilib". Ancaq məhkəməyə cəlb olunmuş “zərərçəkənlər” onların xidmət və əmək haqlarının mənimsənildiyini təkzib etdilər. Elə isə hanı “zərərçəkənlər”?

Hakimiyyətin vətəndaş cəmiyyətinə təzyiqlərini legitimləşdirmək üçün istifadə etdiyi ikinci istiqamət məhz beynəlxalq təşkilatlar və xarici donor təşkilatları şantaj etməyə yönəlib. Çünki, hakimiyyət 5-6 QHT-nin "qanundankənar" olduğunu “sübuta” yetirdikdən sonra (a) beynəlxalq təşkilatları anti-milli QHT-lərlə əməkdaşlıqlardan imtina etməyə, (b) beynəlxalq təşkilatlar, o cümlədən, xarici donorları Azərbaycandakı proqramlarınıı hökumətlə razılaşdırmağa məcbur etmək istəyir.

Yeri gəlmişkən öz təcrübəmə əsasən bildirim ki, hakimiyyətin beynəlxalq təşkilatlarla əməkdaşlığı və müstəqil vətəndaş cəmiyyəti əleyhinə təbliğatı yetərincə sovetsayağı qurulur.

Yeri gəlmişkən öz təcrübəmə əsasən bildirim ki, hakimiyyətin beynəlxalq təşkilatlarla əməkdaşlığı və müstəqil vətəndaş cəmiyyəti əleyhinə təbliğatı yetərincə sovetsayağı qurulur. Məsələn, 9 oktyabr 2013-cü il prezident seçkilərinə dair SMDT-nin yaydığı gerçək bəyanata və press-relizlərə paralel olaraq SMDT adından saxta bəyanatlar yayılmış, bu sənədlərdə guya ki, seçkilərin legitimliyi və demokratikliyi qeyd olunurdu. Hakimiyyət təmsilçiləri isə bizim əsl sənədləri qoyub, saxta bəyanatlara, beynəlxalq və müstəqil yerli media gerçək bəyanatlara istinad edirdilər.

Vətəndaş cəmiyyəti də təslim olarsa...

Vətəndaş cəmiyyətinin məhvinə yönəlmiş indiki səylərin nə qədər uğurlu olduğunu proqnozlaşdırmaq mənə də çətindir. Təbii ki, son repressiyalar vətəndaş cəmiyyətinə ağır mənfi təsirlər buraxacaq. Ancaq vətəndaş cəmiyyəti üzərində siyasi monopoliyanın təmin olunmasına çalışanlar üçün bəzi məsələləri önə çəkmək istərdim.

Elə isə, Leyla Yunus, Bəşir Süleymanlı, Həsən Hüseynli, İntiqam Əliyev və Rəsul Cəfərovun həbsi də insan hüquqları sahəsində problemləri ört-basdır etməyəcək.

Əvvəla, vətəndaş cəmiyyəti təşkilatlarının dövlət qeydiyyatına alınmaması, bu qurumların rəhbərlərinin həbsi və ya digər məhdudiyyətlər heç də vətəndaşların problemlərini arxa plana keçirməyəcək. Aydın məsələdir ki, hər bir QHT cəmiyyətin həyatı ilə bağlı hansısa məsələnin həllinə yardımı və ya müəyyən vətəndaş qrupunun istəklərini təmsil edir. Tutaq ki, 3 nəfər bir araya gəlib pulsuz hüquqi yardım, məcburi köçkünlərin hüquqlarının müdafiəsi, yaxud deputatlarla seçicilərin şəffaf münasibətlərinin qurulması, nəhayət korrupsiyaya qarşı mübarizə üzrə QHT yaradır. Və tutaq ki, hakimiyyət bu QHT-ləri "qanundan kənar" elan edib, onların fəaliyyətinə imkan vermir. Bu halda belə QHT-lərin ləğvi onların məqsəd və hədəflərinə aid problemlərin də aradan qalxmasına rəvac verəcəkmi? Yəni, SMDT-nin rəhbərləri həbs edilibsə, bu qurumun fəaliyyətinə məhdudiyyətlər yaradılıbsa, bu növbəti bir ildə keçiriləcək bələdiyyə və parlament seçkilərinə müsbət təsir edəcəkmi? Yaxud Sülh və Demokratiya İnstitutunun fəaliyyətinin dayanması Ermənistan-Azərbaycan münaqişəsinə müsbət təsir edəcəkmi?

Təbii ki, xeyr! Elə isə, Leyla Yunus, Bəşir Süleymanlı, Həsən Hüseynli, İntiqam Əliyev və Rəsul Cəfərovun həbsi də insan hüquqları sahəsində problemləri ört-basdır etməyəcək. Deməli, hakimiyyət ayrı-ayrı QHT-ləri "qanundankənar" edib Avropa Şurası, ATƏT və Avropa Birliyi kimi qurumlarda gülünc vəziyyətinə düşməkdənsə, həmin QHT-lərin qaldırdığı problemlərin həllinə diqqət yetirməlidir.

Hazırda bizim ölkə vətəndaşlarının sivil və dinc məqsədləri naminə bir araya gəlməyimiz qadağan edilibsə, buna adekvat münasibət qeyri-leqal yolla bir araya gəlmək olacaq. Bu cür tendensiya isə təbii ki, ölkənin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə mənfi münasibət bəsləyən bəzi qonşu dövlətlərə sərf edir.

İkincisi, vətəndaşların istəkləri, problem və baxışlarını sivil qaydada təmsil edən QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, yalnız hökumətyönümlü QHT-lər üçün fəaliyyət imkanının saxlanılması dövlət-vətəndaş münasibətlərindəki etimadsızlığı aradan qaldırmayacaq. Əksinə vətəndaşların yerli və mərkəzi dövlət orqanlarına ildən-ilə artan etimadsızlığı onların öz problemlərinin həlli ilə bağlı sivil və dinc qaydada mübarizəyə də inamını sarsıdacaq. Məhz bu cür səbəblərdən də ölkədə qeyri-ənənəvi dini icmalar, radikal qruplar, mütəşəkkil cinayətkar dəstələr və mafioz qurumlar getdikcə artmaqdadır. Hazırda bizim ölkə vətəndaşlarının sivil və dinc məqsədləri naminə bir araya gəlməyimiz qadağan edilibsə, buna adekvat münasibət qeyri-leqal yolla bir araya gəlmək olacaq. Bu cür tendensiya isə təbii ki, ölkənin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə mənfi münasibət bəsləyən bəzi qonşu dövlətlərə sərf edir. Əksinə, Azərbaycanda insan hüquqları və demokratiyanın göstəricisi sayılacaq vətəndaş cəmiyyəti formalaşdıqca təhlükəli qonşular, xüsusən də son illər post-sovet məkanında neoimperialist maraqları ilə fəallaşan Rusiyanın ölkəmizdəki havadarları və anti-milli dəstəkçilərinin də mövqeyi zəifləyəcək. Bu baxımdan hazırda vətəndaş cəmiyyətinin məhvi planı hakimiyyətin siyasi maraqlarına yaxın məsafədə sərf etsə də, strateji anlamda bu cür siyasət ölkənin milli maraqları və gələcəyinə zərbədir.

Nəhayət, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının sıradan çıxarılması Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir edir.

Nəhayət, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının sıradan çıxarılması Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir edir. Çünki, əsas siyasi azadlıqların kobud qaydada məhdudlaşdırılması ilə müşayiət olunan son repressiyalar Qərb dövlətləri üçün fundamental səciyyə daşıyan dəyərlərin təqib olunması da sayılır. Bu proses Dağlıq Qarabağ münaqişəsi üçün beynəlxalq diqqətin artdığı şəraitə təsadüf etdiyindən Azərbaycan iqtidarının repressiv addımları başa düşülən deyil. Çünki, elə bir vəziyyət yaranıb ki, həm Dağlıq Qarabağ münaqişəsi üzrə Qərb dövlətlərinin dəstəyinə ümid edilir, həm də vətəndaş fəalları repressiyalara məruz qalmaqla beynəlxalq təşkilatlar və Qərb dövlətləri ilə münasibətlər pisləşdirilir.

Son olaraq, belə bir şəraitdə həbsdə və azadlıqda olan ictimai fəalların üzərinə düşən missiya milli tariximiz, demokratiya və vətəndaş cəmiyyətinin gələcəyi naminə baş verənlərə müqavimət göstərmək və xalqımızın sivil dəyərlərə etimadını gücləndirməkdən ibarət olmalıdır. Son repressiyalar heç bir halda bizi doğru bildiyimiz amallardan çəkindirməməli, bizi xalqımızın gələcəyi ilə bağlı qayğılardan və cavabdehlikdən uzaqlaşdırmamalıdır. Bu ölkənin tarixində zamanla uzlaşmayan avtoritar rejimlər müasir formada isə məmur oliqarxiyasından ibarət kreptokratik rejim qurula bilər. Ancaq ictimai ehtiyacları və tarixin inkişaf prosesini dərk edən humanist və çağdaş ruhlu insanların vəzifəsi bu cür rejimlərə deyil humanizmə inanmaq və bu inamı təbliğ etməkdir.

P.S. - Bu günlərdə mənə Avropa Birliyi Şərq Tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumu və Çexiyada fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının dəstəyi ilə AŞPA-nın müvafiq qurumu tərəfindən Vatslav Havel İnsan Hüquqları mükafatı təqdim olunub. Mükafatla bağlı təbrik göndərən hər kəsə təşəkkür edirəm. Eyni zamanda, mükafatla bağlı etirazını bildirən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun ötən həftə yayılmış bəzi fikirlərinə münasibət bildirməli oldum. Əksər dövlət rəsmiləri kimi cənab Həsənov da mənim və digər hüquq müdafiəçilərinin həbsində əbəs yerə cinayət əməli və qanunsuz hallar axtarır. SMDT-yə qarşı məhkəmə-istintaq prosesi yerli və beynəlxalq ictimaiyyətin monitorinqi şəraitində baş tutdu. Ancaq nə ittiham aktı, nə də məhkəmə çıxışları bizə qarşı siyasi sifarişi sübuta yetirə bildi. Bizə qarşı baş verənləri təkcə SMDT-yə və ya 3 nəfərə qarşı siyasi və qanunsuz məhkəmə prosesi hesab etmirik - bunu ölkədə birləşmək azadlığı və yerli seçki müşahidəçiliyinə qarşı aqressiyanın təzahürü hesab edirik. Təbii ki, hüquqi savadı olan hər kəs bunu belə hesab edir.

Azərbaycanda "5-ci kolona" malik dövlət Rusiyadır və bu ölkənin rəhbərliyi Post-Sovet məkanında onun hüquqları və demokratiyanın bərqərar olmasına barışmaz münasibət bəsləyir.

Cənab Həsənovun mənim mükafat almağımı xarici qüvvələrin 5-ci kolona dəstəyi kimi toxunmasını yolverilməz və əsassız mülahizə hesab edirəm. Azərbaycanda QHT-lərə total nəzarətin başında duran dövlət rəsmilərinə, o cümlədən cənab Həsənova sirr deyil ki, bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla dövlət orqanları da əməkdaşlıq edir. Məsələn, biz illərdir ki, BMT, ATƏT, Avropa Şurasının və Avropa Birliyinin müxtəlif strukturları ilə əməkdaşlıq edir və Azərbaycan hakimiyyətinin insan hüquqları və qanunun aliliyinə münasibətinin bu qurumların standartları əsasında qurulmasına çalışırıq.

Əslində ölkənin ən yeni siyasi tarixinə bələd olan hər kəsə aydındır ki, Azərbaycanda "5-ci kolona" malik dövlət Rusiyadır və bu ölkənin rəhbərliyi Post-Sovet məkanında onun hüquqları və demokratiyanın bərqərar olmasına barışmaz münasibət bəsləyir. Belə olduğu halda "5-ci kolonun" üzvlərini son illər artan siyasi repressiyaların zərərçəkənləri və qurbanları arasında deyil, onu törədən hüquq-mühafizə orqanları, bu cür halları müdafiə edən dövlət rəsmiləri arasında axtarmaq gərəkdir.

XS
SM
MD
LG