Accessibility links

AŞPA-nın hesabatında Azərbaycanda korrupsiya və kürü diplomatiyası


Estoniyalı deputat Mailis Reps
Estoniyalı deputat Mailis Reps

Hesabatın AŞPA-nın 30 sentyabr sessiyasında müzakirəsi gözlənilir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Haqları üzrə Komissiyasının növbəti hesabatı yayılıb. “Korrupsiya: qanunun aliliyinə təhlükə” adlı hesabat, Avropa üçün liberalların və demokratların ittifaqının (ALDE) üzvü Mailis Repsin məruzəsi əsasında hazırlanıb.

Estoniya millətvəkili olan məruzəçi Reps, hazırladığı 63 maddəlik qətnamə layihəsində Avropa Şurasına üzv ölkələrdəki korrupsiyaya qarşı mübarizə və korrupsiyanın hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.

Hesabatın 34-cü maddəsi bütövlükdə Gülərqeyt qalmaqalına həsr olunub, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu rüşvət qalmaqalında iştirak etdiyi qeyd olunub.

25 sentyabr 2012-ci il tarixli youtube saytında yayımlanan videoda keçmiş deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən Ramiz Mehdiyevin adından millət vəkili kürsüsü üçün 1,3 milyon dollar tələb etməsi də hesabatda öz əksini tapıb.

Hesabatın 24-cü maddəsində isə Transparency İnternationalın 2012-ci ilə dair yeni yaydığı “Korrupsiya Qavranma İndeksinə istinadən reytinq sıralanmasıyla Ermənistan (105), Albaniya (113), Rusiya (133), Azərbaycan (139) və Ukrayna (144) olmaqla sadəcə 5 Avropa Şurası üzv ölkəsi ilk 100-lükdən kənarda qaldığı göstərilir.

Hesabatın 30-cu maddəsində Azərbaycanla bağlı daha bir sıra korrupsiya faktlarına toxunularaq ölkənin məhkəmə və hüquq mühafizə orqanlarındakı korrupsiyadan danışılıb və AŞPA-nın Azərbaycan üzrə siyasi məhbuslarla bağlı məruzəçisi olmuş Kristofer Ştrasserin hesabatına istinadla jurnalist Fərəməz Novruzoğlunun hakimiyyət nümayəndələrinin müxtəlif korrupsiya faktlarıyla bağlı məqalələr dərc etdikdən sonra həbs olunduğu ifadə edilib.

36-cı maddədə isə Azərbaycanın nümayəndə heyətinin Avropa Şurası və AŞPA daxilində apardığı kürü diplomatiyasına toxunularaq ölkədəki insan haqları, siyasi məhbuslar üzrə hazırlanmış hesabatlara qarşı istifadə olunan növbəti korrupsiya əməli olaraq diqqətə çatdırılır.

Növbəti dəfə almaniyalı deputat Ştrasserə istinad edilən bu maddədə AŞPA-nın müxtəlif ölkələri təmsil edən deputatlarına hədiyyə şəklində ötürülən kürünün əsas məqsədinin səsvermədə Azərbaycan tərəfinin istədiyi nəticəyə nail olmasına bağlanılır.

Hesabatın 46-cı maddəsində isə Azərbaycanın Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya imzalamayan 11 ölkədən biri olduğu bildirilir.

Hesabat Transparency İnternational təşkilatının 2012-ci ilə dair yeni yaydığı “Korrupsiya Qavrama İndeksi ilə yekunlaşır.

Xatırladaq ki, həmin indeksdə 43 Avropa Şurasına üzv ölkə arasında Azərbaycan sadəcə Ukraynanı qabaqlayır və 42-ci sırada özünə yer tutub.

Eyni reytinq cədvəlində Azərbaycanın dünya ölkələri sıralamasında isə 139-cu pillədədir.

Hesabatın yekun layihəsinin AŞPA-nın 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək payız sessiyasında müzakirəyə çıxarılacağı güman olunur.
XS
SM
MD
LG