Accessibility links

Şaxtalı havada bir nəfər donvurmadan ölüb


Şaxtalı havada bir nəfər donvurmadan ölüb

Şaxtalı havada bir nəfər donvurmadan ölüb

Qarlı havada 66 nəfər yıxılaraq zədə alıb

Azərbaycanda şaxtalı və qarlı hava şəraiti davam edir. Sinoptiklər yaxın günlərdə havaların düzələcəyinə ümid etmir.

Havaların şaxtalı olması yolların buz bağlamasına səbəb olub. Bununla yanaşı, bu gün Bakı hava limanında təyyarələrin uğuşu və qəbulu bərpa edilib.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Amerikanın Səsi radiosuna bildirib ki, magistral avtomobil yollarının əsas hissələrində buzlaşma olsa da, avtomobillərin hərəkəti bərpa olunub.
Onun sözlərinə görə, Ağsu aşırımında hələ də avtomobillərin hərəkətlərində məhdudiyyətlər var. Belə ki, dünənki güclü külək yolun hərəkət hissəsində hündür qar yığınları yaradıb. “Hazırda texnika yolun qardan təmizlənməsi işlərini davam etdirir”.
Eyni zamanda, Şəki-Zaqatala-Balakən regionunda qar yağıntısı davam edir.

Cənab Əliyevin sözlərinə görə, ötən sutka ərzində ölüm və xəsarətlə nəticələnən 6 yol nəqliyyat hadisəsi qeydə alınıb. İki halda, Bakıda və Mingəçevirdə piyadanın vurulması ölümlə nəticələnib. 6 nəfər isə xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Amerikanın Səsi radiosuna deyib ki, son gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına 132 nəfər zədə almış insan müraciət edib. Zədə alanların 66 nəfəri qarda və buzda yıxılanlar olub və onların 60 nəfəri xəstəxanalara yerləşdirilib. Bu gün səhər saatlarında isə bir nəfər yaşayış yeri olmayan 50-55 yaşlı şəxs Mərdəkan körpüsünün yanında donaraq ölmüş vəziyyətdə tapılıb.

Onun sözlərinə görə, gün ərzində 18 nəfər dəm qazından zəhərlənmə ilə təcili yardıma müraciət edib. “Onların 11 nəfəri xəstəxanalara çatdırılıb. 1 nəfər uşaq isə dəm qazından zəhərlənərək ölüb”.
Ümumilikdə isə son gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına 1239 nəfər müraciət edib və onların 204-ü xəstəxanalara çatdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şaxtalı hava şəraiti davam edəcək və yollar buz bağlayacaq.

Bakıda fevralın 4, 5, 6-da gecə saatlarında havanın temperaturu -5-10 dərəcə, gündüz saatlarında 0 dərəcədən mənfi 1 dərəcəyədək şaxta olacaq.
Fevralın 6-da gündüz saatlarında temperatur müsbət 2 dərəcəyədək artsa da, fevralın 7-dən yenidən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olacağı, havanın kəskin pisləşəcəyi, çovğunla müşahidə olunacaq qarlı və şaxtalı hava şəraiti proqnozlaşdırılır.

XS
SM
MD
LG