Accessibility links

Ali Məhkəmə qərarı qüvvədə saxlayıb

Ali Məhkəmə “Azadlıq” qəzetinin Bakı metropoliteninin rəisi Tağı Əhmədova 30 min manat məbləğində cərimə ödəməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.

Məhkəmə çəkişməsinə “Azadlıq” qəzetinin aprel saylarında dərc edilmiş “Tağı Əhmədov 5 qəpiklikləri mənimsəyib” başlıqlı məqalə səbəb olub.

Məqalədə deyilir ki, metroda gediş haqqı 15 qəpikdən 20-yə qədər artırıldıqdan sonra gediş kartlarındakı qalıqların istifadəsi problemi yaranıb.

Qəzet belə nəticəyə gəlib ki, qalıqlar metropoliten tərəfindən mənimsənilir.

T.Əhmədov şərəf və ləyaqətinin təhqir olunmasına görə qəzetdən 200 min manat cərimə tələb edib. Yasamal rayon məhkəməsi 30 min manat məbləğində cərimə müəyyən edib, Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb.

“Azadlıq” qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev bu cəriməni qəzet üçün fantastik adlandırıb. Bu, növbəti dəfə işçilərin əmək haqlarının dondurulması deməkdir.

“Biz bunu qəzeti susdurmaq məqsədilə hakimiyyətin təzyiqi hesab edirik”, - R.Hacıyev bildirib.

O, cərimənin ödənilməsi üçün ianə toplanması məqsədilə ictimai kampaniyanın keçirilməsinin mümkünlüyünü istisna etməyib.

Bundan əlavə, qəzet metroda ticarət nöqtələrinin bölünməsində korrupsiya faktının araşdırılmasına başlamağı planlaşdırır.

Bundan əvvəl “Azadlıq” qəzeti və onun reportyoru Ramin Deko “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası üzrə müvafiq olaraq 30 min manat və 2 min manat cərimə olunub.
XS
SM
MD
LG