Accessibility links

Zülfü Baxşəli: Cavad Heyətin səhhəti ağırdır - tanıyanların dualarına möhtacıq [Audio-müsahibə]


Cavad Heyət

Cavad Heyət

Sağlamlıq durumu ağır olan Cavad Heyətin qohumunun Amerikanın Səsinə müsahibəsi

Doktor Cavad Heyətin yaxın qohumu Zülfü Baxşəli Amerikanın Səsinə müsahibəsində onun səhhəti ilə bağlı son məlumatları verib.

Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. O cərrah-alimdir. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvüdür. Tehranda Azərbaycan dilində şap edilən "Varlıq" dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifidir. Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur.

Amerikanın Səsi: Hazırda doktor Cavad Heyət hansı xəstəxanada müalicə olunur, səhhəti necədir?

Zülfü Baxşəli: Doktor Cavad Heyət hazırda bakıda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Səhhəti ağır olaraq qalır.

Amerikanın Səsi: Hansı diaqnozla müalicə alır?

Zülfü Baxşəli: Birinci, doktor qansızlıqla bağlı xəstəxanaya müraciət edib. Sonra da pnevmaniya diaqnozu qoyublar. Ən birincisi qansızlıqdır.

Amerikanın Səsi: Doktor danışa bilirmi, insanları tanıya bilirmi?

Zülfü Baxşəli: Doktor hazırda yaxınlarını tanıyır, çünki kənar şəxsləri yanına buraxmırlar. Qızını tanıdı, məni tanıyır. Tanımağına tanıyır, vəziyyəti o barədə normaldır.

Amerikanın Səsi: Danışığı necədir?

Zülfü Baxşəli: Danışığına həkimlər imkan vermir, danışa bilmir. Çünki istəyir danışsın, amma çox zəifliyi ilə əlaqədar danışmır.

Amerikanın Səsi: Cavad Heyət Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində idi və ötən həftənin şənbə günü Mərkəzi Gömrük Hospitalına köçürülüb. Səbəbi nə oldu?

Zülfü Baxşəli: Burada daha yaxşıdır, diqqət daha yuxarıdır. Oranın da kollektivinə böyük təşəkkürümüz var. Çox sevgi, sayğı ilə doktora yanaşdılar. Doktora bir sevgi ilə yanaşırdılar. Çox minnətdarıq. Burada da nəzarət çox yüksək dərəcədədir, doktor diqqət altındadır.

Amerikanın Səsi: Yerli media yıxıldıqdan sonra doktorun səhhətinin ağırlaşdığını yazır. Doğrudur?

Zülfü Baxşəli: Bəli, doktor Cavad Heyət Tehranda yıxılmışdı, travma almışdı. Amma, əsas məsələ yıxılmağı ilə bağlı deyil, o qansızlıqdan əziyyət çəkir.

Amerikanın Səsi: Doktor Cavad Heyət iyulun 7-dən xəstəxanaya yerləşdirilib. Səhhətinin yaxşılaşacağına ümidlər nə qədərdir?

Zülfü Baxşəli: Həkimlər ümid bəsləyirlər, bəsləməyinə... səhhəti ilə əlaqədar. Amma səhhəti ağır olaraq durur.

Amerikanın Səsi: Siz Cavad Heyətin ən yaxın qohumlarındansınız, mənəvi oğlusunuz. Onun kitabları, nəşrləri barədə nə deyə bilərsiniz? Son nəşrləri hansıdır, yarımçıq kitabları qalıb?

Zülfü Baxşəli: Yox, kitablarından demək olar qalmayıb. O son 3-4 ildə tam əməyini kitablarına sərf etdi. 4 cild kitabı çıxdı.

Amerikanın Səsi: Hansı kitablardı?

Zülfü Baxşəli: “Dilimiz və ədəbiyyatımız uğrunda” iki cildliyi və “Türk dili və ləhcələri tarixi” kitablarını nəşr etdirdi.

Amerikanın Səsi: İran və Azərbaycan rəsmiləri Cavad Heyətin səhhəti ilə maraqlanırmı? Ona baş çəkirlərmi?

Zülfü Baxşəli: Bəli, dünən İranın Azərbaycandakı səfirinin müavini və Hacı Ocaq Nicat ağa xəstəxanaya gəlmişdi. Bir qədər öncə də səfirlikdən zəng etmişdilər, gəlib görüşmək istəyirdilər.

Azərbaycan dövlətinin, rəsmilərinin isə çox böyük diqqəti var. Biz Gömrük Hospitalının çox böyük diqqəti ilə qarşılaşdıq. Doktora çox böyük qayğı var. Ankaradan həkimlər heyəti də gəlmişdi. Hamıya təşəkkür edirəm.

Amerikanın Səsi: Cavad Heyətin həyat yoldaşı və qızları da Bakıdadır. Onlar görüşə biliblərmi? Ümumi rəyləri necədir?

Zülfü Baxşəli: Bəli, dünən görüşdülər, bu gün görüşəcəklər. Onlar da əllərini allaha açıblar və dua edirlər ki, şəfa tapsın.

Amerikanın Səsi: Dünyada yaşayan çoxsaylı azərbaycanlılar doktor Cavad Heyətin səhhəti ilə maraqlanır. Onlara sözünüz?

Zülfü Baxşəli: Yalnız dua, dualarına ehtiyacımız var. Hər kəs doktor Cavad Heyəti tanıyır onların dualarına ehtiyacımız var, dualarına möhtacıq.

XS
SM
MD
LG