Accessibility links

Nekroloqu prezident İlham Əliyev, Milli Məclisin sədri, baş nazir və hökumət üzvləri imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə və hökumət üzvləri Azərbaycanın görkəmli ziyalısı Cavad Heyətinin vəfatı ilə bağlı baş sağlığı verib.

Baş sağlığında deyilir:

Azərbaycanın elmi-ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyət 2014-cü il avqustun 12-də ömrünün 90-cı ilində vəfat etmişdir.

Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz şəhərində anadan olmuşdur. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943-1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir.

Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirmişdir. Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır. Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi "Varlıq" jurnalında əksini tapmışdır.

Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.

Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

XS
SM
MD
LG