Accessibility links

Ermənistan energetika naziri İran-Azərbaycan dəmir yollarının birləşdirilməsi sazişinə münasibət bildirib


Şimal-Cənub dəhlizi
Şimal-Cənub dəhlizi

Ermənistanın energetika və təbii sərvətlər naziri Yervand Zaharyan fevralın 23-də Tehranda imzalanmış iki dövlətin dəmir yollarının birləşdirilməsi haqqında İran-Azərbaycan sazişlərini şərh edib.

Turan agentliyinin məlumatına görə, İranın bu layihənin həyata keçirilməsinə təxminən 250 mln. dollar, İran-Ermənistan dəmir yolunun tikintisinə isə 3 mlrd. dollar tələb olunur.

Zaharyan bildirib ki, Ermənistandan keçən yolun tikintisi haqqında memorandum 20 gün əvvəl imzalanıb.

“Düşünmürəm ki, sanksiyalardan azad olmuş İran kimi güclü ölkə bir ay sonra imtina etmək üçün sənəd imzalasın”, deyə o bildirib.

Agentlik bildirir ki, İrandan Ermənistana dəmir yolunun tikintisinə Rusiya da qarşı çıxır, bu layihəni səmərəsiz və texniki cəhətdən çox çətin hesab edir.

Xatırladaq ki, fevralın 23-də İran prezidenti Həsən Ruhani Tehranın öz dəmir yolunu Azərbaycan dəmir yolları ilə birləşdirmək niyyətində olduğunu bildirib.

“İranın və Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna qədər birləşdiriləcək”, deyə İran prezidenti Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri çərçivəsində mətbuata bəyanatında bildirib.

“Tranzit və “Şimal-Cənub” dəhlizi məsələlərinə gəlincə, Astara (İran) və Astara (Azərbaycan) dəmir yollarının birləşdirilməsi bu ilin sonuna qədər mühüm hadisə olacaq”, deyə Ruhani bildirib.

“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. O, Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsində əlaqələndirici halqa olacaq. İlkin qiymətləndirmələrə görə, dəmir yolunun keçirmə qabiliyyəti ildə 1,4 milyon sərnişin və 5-7 milyon ton yük təşkil edəcək. Birinci mərhələdə “Şimal-Cənub” dəhlizi ilə ildə altı milyon ton yük, gələcəkdə isə 15-20 milyon ton yük nəql etmək planlaşdırılır.

XS
SM
MD
LG