Accessibility links

Həbsdəki NIDA-çıların İlham Əliyevə müraciəti və NİDA Hərəkatının münasibəti


NİDA-çılar hakimə arxa çevırıb

NİDA-çılar hakimə arxa çevırıb

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəsmi saytı məlumat verib

NİDA Vətəndaş Hərəkatı həbsdə olan üzvlərinin prezident İlham Əliyevə müraciətinə münasibət bildirib. Təşkilatın yaydığı bəyanatda deyilir:

Həbsdəki üzvlərimizin məlum müraciəti hansı şəraitdə yazmaları barədə məlumatımız yoxdur. Ona görə də müraciətin mətni ilə bağlı ətraflı fikir yürüdə bilmirik. Bildiyiniz kimi, nidaçı gənclər 19 aydır günahsız yerə həbsdədirlər. Bu müddət ərzində müxtəlif yollarla "müraciət" yazmalarına nail olmaq üçün dəfələrlə cəhd edilib.

Hakimiyyət uzun müddətdir gəncləri, jurnalistləri, siyasi fəalları, hüquq müdafiəçilərini, blogerləri ictimai-siyasi fəaliyyətlərinə görə həbs edir. Sonra da özlərinin cinayət əməllərinə, günahsız insanların həbs olunmasına haqq qazandırmaq, daxili və xarici təzyiqlərdən diqqəti yayındırmaq məqsədilə avtoritar rejimlərə xas formada həbsdəkilərə "kağız parçasına" öz eşitmək istədiklərini yazdıraraq vəziyyətdən çıxmağa çalışırlar. Hakimiyyət bilməlidir ki, bu əməllərlə azadlıq və demokratiya uğrunda mübarizə aparan insanları yolundan çəkindirə, onların mübarizə əzmini sındıra bilməyəcək.

Biz şərlənərək həbs olunmuş dostlarımızın tezliklə azadlığa çıxmasını gözləyirik. İnanırıq ki, birlikdə mübarizəmizi davam etdirəcəyik və demokratik dəyişikliklərə nail olacağıq.

***

Bakı İstintaq Təcridxanasında saxlanılan 6 NIDA-çı gənc -Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəsmi saytının məlumatına görə müraciətdə deyilir:

"Biz həbsdəki “Nida”çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik.

Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı.

Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəksiniz.

Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.

Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz.

NİDA-çılar 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

NİDA-çıların ailə üzvlərindən və ya vəkillərindən əlavə şərh ala bilməyib.

Iyulun 8-də "Nida" Vətəndaş Hərəkatının daha bir üzvü, Şahin Novruzlu əfv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət edib Mayının sonlarında NİDA üzvü Bəxtiyar Quliyev müraciət yayaraq NİDA üzvlüyündən çıxdığını bəyan etmişdi.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.

XS
SM
MD
LG