Accessibility links

Oqtay Gülalıyev: Həbsxanalarda vəziyyət ağırdır (Video-müsahibə)


O işgəncələrdə əli olan 10 vəzifəlinin adını açıqlayıb. Korrupsiya faktlarından, kimin-kimə nə qədər rüşvət verdiyindən danışıb

“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı iyunun 27-də “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabatını təqdim edib.
Hesabat məhbuslardan və onların doğmalarından daxil olan məlumatlar, habelə keçmiş siyasi məhbuslar və “vicdan məhbusları” tərəfindən təsis edilmiş alyans üzvlərinin müşahidələri əsasında tərtib edilib.

Alyansın əlaqələndiricisi Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, hüquq müdafiəçiləri Penitensiar Xidmət (PX) rəhbərliyi tərəfindən maneələr yaradıldığı üçün həbs yerlərində monitorinq apara bilməyiblər, PX sorğulara cavab verməkdən də imtina edib.

“Biz Penitensiar Xidmətin rəisi Mədət Quliyevi məhkəməyə vermişik və iyunun 4-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində işə baxılacaq”, deyə Gülalıyev bildirib.

Onun sözlərinə görə, həbsxanalarda vəziyyət ağırdır, korrupsiya, məhbuslara qarşı ayrı-seçkilik artır.

“Ən acınacaqlısı odur ki, sağlam dustaqlar AİDS, vərəm və digər xəstəliklərə düçar olmuş dustaqla birlikdə saxlanılır. Yeməklər isə xəstəlik mənbəyidir. Dustaqlar yeməyi ailəsindən alır, çünki yeməklərin keyfiyyəti çox bərbaddır”, Gülaliyev qeyd edib.

Son vaxtlar məhbuslara qarşı işgəncə faktları da artıb. O, bu faktlarda əli olan 10 vəzifəli şəxsin adını açıqlayıb:

Ərşad Həsənov (14 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi), Əlzamin Quliyev (14 saylı cəzaçəkmə müəssisəsinin rəisi), Rauf Məcidov (DİN Tərtər RPŞ rəisi), Seyfəddin Quliyev (DİN Sabirabad RPŞ-nin növbətçi hissənin rəisi), Səid Seyidov (DİN Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə İdarəsinin əməkdaşı), Azər Seyidov (Bakı İstintaq təcridxanası), Şahin Osmanov (Qobustan Qapalı həbsxanasının rəisi), Aftandil Ağayev (12 saylı CÇM-nin rəisi), Şakir Bayramov (Gəncə İstintaq Təcridxanasının rəisi).

Gülalıyev bildirib ki, məhbusların hüquqları saxlandıqları andan etibarən pozulur.

Penitensiar müəssisələrdə bütün ticarət və xidmət məntəqələri rəhbərliyə rüşvət verir. Belə ki, hamamçı rəisə hər ay 900 manat, yeməkxanaçı 900 manat, telefonçu 2000 manat, ərzaq anbarnın rəhbəri isə daha çox həcmdə rüşvət ödəyir, deyə Gülalıyev bildirib.

Alyans vəziyyətin yaxşılaşdırılması üzrə bir sıra tövsiyələrlə çıxış edib. Xüsusən, qanunvericiliyə dəyişiklik etmək, saxlanma şəraiti ağır olan istintaq təcridxanalarını və cəzaçəkmə müəssisələrini bağlamaq, korrupsiya faktlarını araşdırmaq və s. təklif olunub.

O, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi, Avropa Şurası və digər təşkilatları Azərbaycan həbsxanalarındakı vəziyyəti diqqət mərkəzində saxlamağa çağırıb.

Alyansın digər üzvü Elşən Həsənov monitorinqlərin davam etdiriləcəyini və tezliklə Qobustan həbsxanasında vəziyyət haqqında hesabatın yayılacağını bildirib.

Talassemiya xəstəsi olan N!DA-çı gənc fəal Zaur Qurbanlının anası Səkinə Qurbanova bildirib ki, hakimiyyət oğlunun ölümünü istəyir.

“Oğluma nəsə olsa, buna görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyacaq”, deyə o bildirib.

Təqdimat mərasimində səslənən ittihamlarla bağlı Turan agentliyinə şərh verən Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsinin nümayəndəsi qurum haqqındakı ittihamları təkzib edərək, absurd adlandırıb.

Penitensiar Xidmətdən bildiriblər ki, bu qurumun müəssisələri beynəlxalq qurumların monitorinqləri üçün açıqdır, onlar məhbuslarla təkbətək görüşür.

İnfrastrukturun vəziyyətinə gəlincə, hazırda beynəlxalq standartlara cavab verən yeni cəzaçəkmə müəssisələri tikilir.
XS
SM
MD
LG