Accessibility links

9 oktyabr – Prezident seçkiləri günüdür


Prezident seçkiləri-2013 (Seçki plakatı)

Prezident seçkiləri-2013 (Seçki plakatı)

Prezident seçkiləri üzrə 5491 seçki məntəqəsi, o cümlədən 218 müvəqqəti seçki məntəqəsi yaradılıb

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri günüdür.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bülletenlərə 10 prezidentliyə namizədin adı daxil edilib: İqbal Ağazadə, İlham Əliyev, Araz Əlizadə, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Cəmil Həsənli, İlyas İsmayılov, Fərəc Quliyev, Sərdar Məmmədov, Zahid Oruc.

Prezident seçkiləri üzrə 5491 seçki məntəqəsi, o cümlədən 218 müvəqqəti seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı 5 milyon 145 minə yaxındır.

MSK-nin məlumatına görə, seçkiləri 40 minə yaxın yerli və xarici müşahidəçi izləyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasına isə 300-dən çox beynəlxalq müşahidəçi daxildir.

Oktyabrın 9-da, - səsvermə günü səs verənlərin sayı barədə 5 dəfə rəsmi informasiya veriləcək: saat 10.00, 12.00, 15.00, 17.00, 19.00.

Məntəqə və dairə seçki komissiyalarından səsvermənin nəticələri haqqında yekun protokollarla bağlı ümumiləşdirilmiş informasiya seçki günü və sonra MSK-nın saytında yerləşdiriləcək.

Məntəqə seçki komissiyalarından yekun protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılmacaq, onlar isə seçkilərdən sonra 2 gündən gec olmayaraq (11 oktyabra qədər) yekun protokolları MSK-ya göndərəcək.

Məntəqə və dairələr üzrə protokolların üçüncü nüsxələri vətəndaşların tanış olması üçün 5 və 10 gün ərzində MSK-nin saytda yerləşdiriləcək.
Dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra MSK seçkilərin ilkin yekunlarını elan edəcək.

Oktyabrın 19-na qədər MSK seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə veriləcək. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan edəcək.

Bundan sonra seçilmiş prezident 3 gün ərzində and içəcək və vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, oktyabrın 10-da ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyası seçkilərlə bağlı ilkin rəyini açıqlayacaq.
XS
SM
MD
LG