Accessibility links

Mahmudəli Çöhrəqanlı: İranda demokratiya axtarmaq samanlıqda iynə axtarmağa bənzəyir


GAMOH lideri Mahmudəli Çöhrəqanlı
GAMOH lideri Mahmudəli Çöhrəqanlı

“Azərbaycan türkləri bu seçkini də boykot edəcəklər. Bu xətt həm milli hərəkatın ruhunu qorumaq, həm də fars şovinizminin biləyini əymək üçün vacibdir”

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı İranda keçirilən prezident seçkiləri ilə bağlı Turan agentliyinə müsahibə verib. O İranda yaşayan azərbaycanlıları seçkiləri boykot etməyə çağırıb.

-Doktor, İranda Güney Azərbaycan türklərinin prezident seçkilərinə münasibəti necə olacaq?


Güney Azərbaycan türkünün verdiyi səs Güney Azərbaycan hərəkatına, şəhidlərə xəyanət, həbslərdə işgəncə görən hərəkatçıların kürəyinə vurulan xəncərdir.
- İranda demokratik seçim adlı bir düşüncə yoxdur. Gerçək demokratiyada cəmiyyət istədiyi şəxsi prezidentliyə namizəd göstərə bilir. Bu baxımdan İranda fars-molla rejiminin namizəd təyin etməsi kimi özünəməxsus ədalətsiz sistemi var. Bu sistemə əsasən ancaq ayətullah Xamneyiyə baş əyən, onun əmri altında olan Şuranın (12 üzvü olan Şuraye-negəhban) müsbət rəyini alan şəxslər namizəd olmaq haqqı qazanırlar. Belə ədalətsiz sistemdə demokratiya axtarmaq samanlıqda iynə axtarmağa bənzəyir.

Güney Azərbaycan türklərinin prezident seçkilərinə münasibətinə baxaq. Güney Azərbaycan türkləri öz istədikləri şəxsləri namizəd olaraq irəli sürmək hüququndan məhrum edildikləri üçün səs verməkdən də məhrum olurlar. Keçmişdə olduğu kimi, yəqin ki, Azərbaycan türkləri bu seçkini də boykot edəcəklər. Bu xətt həm milli hərəkatın ruhunu qorumaq, həm də fars şovinizminin biləyini əymək üçün vacibdir.

Fars rejiminin çoxlu oyun və hoqqabazlıqlarla qoşduğu antidemokratik seçkilərə gələn hər bir Güney Azərbaycan türkünün verdiyi səs Güney Azərbaycan hərəkatına, şəhidlərə xəyanət, həbslərdə işgəncə görən hərəkatçıların kürəyinə vurulan xəncərdir. Ona görə də Güney Azərbaycan türklərini prezident seçkilərini boykot etməyə çağırırıq.

-Yerli seçkilərə münasibət necə olmalıdır?

Bu gün Azərbaycan türkünün əsas vəzifəsi bu təhlükələri anlayaraq “ikinci Qarabağ” probleminin yaranmaması üçün qarşısını almaqdır.
-Iranda prezident seçkilərilə yanaşı eyni vaxtda məhəlli (kənd, qəsəbə, şəhər) seçkilər keçiriləcək. 1924-cü ildən bu yana Güney Azərbaycanın Türkiyə və İraq ilə sərhədlərdə olan qərb bölgəsi mövcud İran rejiminin yaranışından bəri ağır kürd mühacirətinə məruz qalıb. Bu köç və mühacirətin baş verməsində 8 il davam etmiş İran-İraq müharibəsinin də böyük rolu olub. Pəhləvi rejiminin başladığı və mövcud İran rejiminin davam etdirdiyi türk dünyasını parçalamaq layihələri əsasında çoxsaylı kürd qəbilələri Urmiya, Sulduz və Maku kimi tarixi Azərbaycan şəhərlərinə yerləşdirilib. Bu gün Azərbaycan türkünün əsas vəzifəsi bu təhlükələri anlayaraq “ikinci Qarabağ” probleminin yaranmaması üçün qarşısını almaqdır. Min illər boyu Azərbaycan türklərinin mədəniyyət dünyasına şan qatan yurdlarımızı heç kəsə vermək fikrində deyilik, bu bizə yaraşmaz da.

- Güney Azərbaycan türkləri üçün əsas qayə nədən ibarətdir?

İranda Güney Azərbaycan türklərinin izləməli olduğu əsas platforma azərbaycançılıq və türkçülükdür.
- İranda Güney Azərbaycan türklərinin izləməli olduğu əsas platforma azərbaycançılıq və türkçülükdür. Kürdlər bu seçkilərə çox sistemli şəkildə hazırlaşırlar. Son 50-30 ildə öz yaşadıqları əraziləri buraxaraq Güney Azərbaycanın qərb yaşayış məntəqələrində məskunlaşan bu etnik qrup seçkilərdə “”az namizəd çox qazanc” sistemindən istifadə etməklə azlıq olmalarına baxmayaraq məhəlli seçkilərdə Güney Azərbaycan türklərinin hegemonluğunu təhdid edir. Xüsusilə, Urmu, Sulduz və Maku kimi kürd təhdidinə sistematik məruz qalan şəhərlərimizdə məhəlli seçkiləri boykot etmək yox, əksinə türk namizədlərin qalib gəlməsi mübarizəsi aparılmalıdır.

Bu metodu uğurla tətbiq etməyə üstünlük verilməlidir. Bu şəhərlərdə kürdlərin 5 namizədi olarsa, türklərin 10-20 namizədi olmamalı, səslər bölünməməlidir. Məhdud sayda namizəd müəyyən olunmalı, xalq da bütünlükdə bu namizədlərə dəstək verməlidir. O zaman Güney Azərbaycan türklərinin çoxluq təşkil edən əzici səsi bu azlığa həddini bildirəcək.

- Prezident seçkilərinin nəticəsi nə ola bilər?

Azərbaycan türkü öz müqəddəratını təyinetmə haqqını əvəzi nə olursa olsun, əldə etməlidir.
- İranda prezident seçkiləri babalarımızın “həmin tas, həmin hamam” deyimini yada salır. Bu antihumanist rejimin başında duran ayətüllah Xamneyinin adamları olan bir neçə namizədin içindən kim seçilirsə seçilsin bütün İranla və xüsusilə, Azərbaycanla bağlı müsbət islahatlara səbəb olmayacaq. Bir əsrə yaxındır ki, sayılmamağımız, hər seçkidə hissimizin nəticəsi olaraq istismarımız, hər tərəfdən qanımızın sorulması yetər. İstər islahatçı, istər mühafizəkar namizədlər və ya prezidentlər bir yalanın parçalarıdır.

Azərbaycan türkü öz müqəddəratını təyinetmə haqqını əvəzi nə olursa olsun, əldə etməlidir. İranda yaşayan başqa millətlərin də birgə hərəkatları ilə yaxın gələcəkdə bu “zülm binası” yıxılacaq. Onun yerində insan haqlarına sayğılı, demokratiya ilə gücləndirilmiş, müasirlik və inanc azadlığı ilə təmin edilən bir quruluş yaradılacaq. Buna bütün səmimiyyətimlə inanıram.

- Seçkilərdə kim prezident seçilə bilər və perspektivə təsiri necə olar?

Son olaraq ayətüllah Xamneyinin təyin etdiyi mühafizəkar namizədlərdən biri yeni prezident olaraq sözdə seçiləcək.
- Son olaraq hamı bilir ki, İranın istər daxili, istər xarici siyasətini Vilayəti-Fəqih olaraq ayətüllah Xamneyi müəyyən edir. Yəni, bu halda bu seçkilərdə hər hansı bir “sürpriz” gözlənilə bilməz. Seçkilərdə kimin seçilməsinə gəlincə, ola bilər ki, mühafizəkarların təmsilçilərindən kimsə (Qalibaf, Rizayi, Cəlili) islahatçıların çoxunun namizədilə (Həsən Ruhani) ikinci tura qalsın. Hər halda, son olaraq ayətüllah Xamneyinin təyin etdiyi mühafizəkar namizədlərdən biri yeni prezident olaraq sözdə seçiləcək. Beləliklə, İranın daxili və xarici, perspektivində nəzərə çarpacaq dəyişiklik gözlənilməyəcək.
XS
SM
MD
LG