Accessibility links

Ərdəbildə bir vətəndaş 148 şallaq cəzasına məhkum edilib


İran məhkəmələri müxtəlif ittihamlarla mühakimə etdiyi vətəndaşlara qarşı beynəlxalq paktlara görə “qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan cəza” növlərindən biri hesab edilən şallaq hökmünü çıxarmağa davam edir.

İSNA xəbər agentliyinə istinadən, Ərdəbil məhkəməsində “asayişi pozmaq, mülkiyyətə zərər vermək və qorxu yaratmaq” ittihamları ilə mühakimə edilən bir vətəndaş 148 zərbə şallaq cəzasına məhkum edilib.

Ərdəbil vilayətinin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin bildirdiyinə görə, müttəhimin şallaq cəzası iki mərhələdə icra ediləcək. O əlavə olaraq, 3 il yarım həbs və 2 il sürgünə də məhkum olub.

Beynəlxalq insan haqları qurumlarına istinadən, şallaq cəzası çıxaran İran məhkəmələri BMT-nin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının 7-ci maddəsini pozur. 7-ci maddəyə görə, “heç kəs işgəncə və ya, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamalıdır.”

Son bir neçə ay ərzində İran Azərbaycanının Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində bəzi türk fəallar da şallaq cəzasına məhkum olunub.

Şərhlərə bax

XS
SM
MD
LG