Accessibility links

Bloq: Demokratiya Ləyaqəti


“Bu, bizim xalq kimi haqqımızda çox şey deyir ki, ixtilaflı seçki mövsümünün ortasında rəqib namizədlər bir araya gəliblər. Çox layiqli bir amal uğrunda. Mən xüsusən qubernator Romniyə mənimlə buraya birlikdə gəldiyi üçün təşəkkür edirəm, çünki mən ona ailə adamı və sevən ata kimi böyük ehtiram bəsləyirəm. Və həmin iki titul istənilən siyasi tituldan üstündür…Bizim baxışlarımız fərqli ola bilər, amma mən əminəm ki, biz növbəti dörd ildə bu gün hamının şahidi olduğu ləyaqət hissi ilə yüksək amallar uğrunda bir araya gəlmək ümidini paylaşırıq,” deyə prezident Obama Amerikada ənənə halını almış Al Smith adına nahar ziyafətində bildirdi. Eyni stol arxasında nahar edən prezidentliyə namizədlər Katolik kilsəsinin təşkil etdiyi xeyriyyə törənində bir-birinin şəninə təriflər yağdırdılar.

Əlbəttə ki, ortada çoxlu zarafat da var idi. Nyu Yorkda bazarlıq etməyi sevdiyini deyən Obama milyoner Mitt Romninin Nyu Yorkda “bazarları almağı” sevməsindən danışdı. “Bu, mənim Mitt Romni ilə üçüncü görüşümdür. Birinci debatda yatıb yuxumu aldıqdan sonra, ikinci görüşdə daha enerjili idim,” deyə prezident hamını güldürdü. “Ümid edirəm ki, üçüncü debatda nəhayət qubernator Romni bütün Amerika xalqının beyninə hakim kəsilən suala cavab verəcək: ‘Əşşi bunlar yenə də debat edirlər?’ Respublikaçı namizəd Mitt Romninn nitqi də zarafatlarla dolu idi. Yumorla medianın Obama meylli olmasına işarə edən Romni sabahı gün bütün qəzetlərin “Obamanı katoliklər bağırlarına basdılar, Romni varlılarla nahar etdi!” başlığı ilə çapdan çıxacağını dedi. “Birinci debatdan sonra rəy sorğuları üçün başlıqlar belə də gedə bilərdi ‘Obama arxadan öndə gedir.’ Sonra da əlavə etdi: “Öz aramızdır, heç kimə deməyin, amma mən düşünürəm ki, Barak Obama istedadlı şəxsiyyətdir və hər kişinin qibtə edəcəyi dərəcədə gözəl ailə adamıdır.”

Siyasi rəqabətə düşmənçilik kimi baxılmaması demokratiyanın başlıca xüsusiyyətlərindən biridir. Demokratiyada insanlar hakimiyyətə gəlir, hakimiyyətdən gedir, amma heç vaxt insanlıqlarını itirmirlər. Ona görə yox ki, amerikalı yaxud avropalı siyasətçilər hamısı ideal insanlardır. Ona görə ki, cəmiyyətin öz siyasi xadimlərindən gözləntisi budur – özünü ləyaqətlə aparmaq və rəqiblərinin ləyaqətinə hörmət etmək. Dünyanın bir çox başqa guşələrində hakimiyyətə müxalif olmaq son dərəcə təhlükəli bir məşğuliyyətdir. Avtoritar liderlər əllərindəki səlahiyyətdən sui-istifadə edərək rəqiblərini təqib edir, həbsə atır, bir çox hallarda fiziki məhv edirlər. Bununla onlar təkcə rəqiblərini deyil, bütün cəmiyyəti əzirlər. Bu növ məkanlarda siyasi mübarizəyə yalnız fiziki mübarizə kimi baxılır. Məsələn, təsəvvür etmək olarmı ki, Suriya prezidenti Bəşar əl-Əsəd siyasi rəqbləri ilə hansısa tədbirə qatılsın, onlarla zarafatlaşsın? Avtoritar rejimlərdə cəmiyyət təkcə ləyaqət hissindən deyil, həm də yumor hissindən xali olur. Bütün idarəçiliyin əsasında sadəcə qorxu hissi dayanır. Bəlkə o üzdən diktatorlar nadir hallarda gülürlər, onlar az qala həmişə qəzəbli görünürlər. Yarasalar işıqdan qaçan kimi, gülüşdən qaçırlar.

Demokratiya təkcə dürüst seçkilər demək deyil. Demokratiya həm də bir mədəniyyətdir – Al Smith adına nahar ziyafətində müşahidə olunan kompromis mədəniyyəti. Məktəb yaşlarından siyasi mübarizəni fiziki mübarizə ilə səhv salmamağa, rəqiblərinə hörmətlə yanaşmağa öyrədilən amerikalıların böyük əksəriyyəti üçün siyasi məğlubiyyəti etiraf etmək, çoxluğun rəyi ilə hesablaşmaq bir normadır. Adam bəzən udur, bəzən uduzur.

Burada faciə yoxdur. Demokratiyanın bu cazibədar xüsusiyyətini 1997-ci ildə, Bill Klintonla seçkilərdə üzləşdikdən bir il sonra prezidentin Azadlıq medalına təltif olunmuş və qalib rəqibi tərəfindən siyasi missiyaya göndərilmiş Bob Dole mükəmməl ifadə etmişdi. “Biz siyasi rəqib olmuşuq. Düşmən olmamışıq ki.” Elə Mitt Romni də bir neçə gün öncə etdiyi çıxışda pis demədi: “Amerikada siyasi baxımdan bir adama qarşı çıxmaq olar və kiməsə nifrət bəsləmədən siyasi mübarizə aparmaq olar. Həyat təkcə siyasətdən ibarət deyil.”



XS
SM
MD
LG