Accessibility links

Bloq: Azad cəmiyyətdə terror


Restoran pəncərəsində güllə dəlikləri. Paris, 14 noyabr, 2015.
Restoran pəncərəsində güllə dəlikləri. Paris, 14 noyabr, 2015.

Azad cəmiyyətdə terrorun qarşısını almaq olduqca çətindir. Demokratik idarəçilik vətəndaşlarla hökumət arasındakı vəhdətə, fundamental bir sosial kontrakta əsaslanır ki, bu, hökumətdən vətəndaşlar qarşısında cavabdehlik, onların azadlıqlarına hörmət, vətəndaşlardan isə müəyyən dərəcədə loyallıq, intizam tələb edir. Bu baxımdan 13 noyabrda Parisdə bir qrup adamların bu vəhdəti pozmaq iradəsi qarşısında cəmiyyətin aciz qalması başa düşüləndir, Brian Maykl Cenkins izah edir. Belə ki, hədəf dövlət və onun nümayəndələri yox, əliyalın insanlar idi. “Həmin gecə terroristlər yüksək təhlükəsizliklə qorunan abidələrə hücum etmədilər. Onlar ölüm meydanına çevirmək üçün xeyli yumşaq hədəfləri seçdilər – restoranlar, izdihamlı konsert zalı, futbol stadionu,” Cenkins yazır. “Bu hücumun qayəsi adam öldürmək idi. Hədəf insanlar idi.”

Sürpriz elementi terrorçuların tərəfindədir. Nəzəri baxımdan onlar istədikləri hədəfə istədikləri an hücum edə bilərlər.

Hücumçuların seçdiklərin altı hədəfin hamısı yumşaq hədəflər idi. Burada terakt törətmək elə də bir mürəkkəb planlaşdırma yaxud fantaziya tələb etmirdi. Əsas öldürmək iradəsi idi. Burada isə üstünlük adətən terrorçularda olur. “Əvvəla sürpriz elementi onların tərəfindədir. Nəzəri baxımdan onlar istədikləri hədəfə istədikləri an hücum edə bilərlər. Hökumət həmişə hamını hər yerdə qoruya bilməz,” Cenkins yazır. Terrorçular üçün hər şey hədəf ola bilər – uşaq bağçalarından tutmuş restoranlaradək. Bəzən bunlar tarixi abidə ola bilər. Amma fərq etməz. Əsas adamların yiğcam toplaşdıqları yerdir. “Terror hücumlarının az qala 80 faizi təhlükəsizliyin olmadığı məkanlarda baş verir.”

Terrorçuların hücum edə biləcəyi hər məkan ətrafında təlükəsizlik perimetri yaratmaq qeyri-mümkündür. Bir də ki, belə bir perimetr yaradılsa da terakt törətməyə qərar vermiş adam bir-iki küçə o tərəfə gedərək yumşaq hədəf tapmağa onsuz da nail olacaq. Cenkinsin yazdğına görə terrorla uzun müddət acı təcrübəsi olan bəzi şəhərlər “dəmir həlqələr” yaratmaqla problemin qarşısnı almağa çalışıblar. Məsələn, Londonda, Belfastda İrlandiya Respubliikaçılar Ordusunna qarşı mübarizə aparmaq üçün kameralar, fiziki baryerlər, nəqliyyata məhdudiyyətlər, və təhlükəsizlik postlarından istifadə olunub. Oxşar metodlar 2001-ci il 11 sentyabr terror hücumlarına məruz qalmış Nyu Yorkun Manhattan rayonunda tətbiq edilib. Bunlardan ən populyarı hasar çəkməkdir ki, bu təkcə şəhərlərdə yox, bütöv ölkələrdə (İsrail, Səudiyyə Ərəbistanı, Macarıstan, Avstriya, Sloveniya) sınaqdan keçirlib və keçirilməkdədir.

Təhlükəsizliklə vətəndaş azadlığı arasında balans tapmaq demokratiyalar qarşısında duran çətin vəzifələrdən biridir.
Təhlükəsizliklə vətəndaş azadlığı arasında balans tapmaq demokratiyalar qarşısında duran çətin vəzifələrdən biridir.

“Ötən həftənin hücumlarının ardınca Paris küçələri jandarm və əsgərlərlə doludur. Bu, terrora reaksiya vaxtını qısaldacaq, ancaq ölümlərin qarşısını almayacaq,” Cenkins qeyd edir. Terror hücumu ani polis reaksiyası tələb edir. Cenkins 2009-cu ildə Texasda cəmi iki tapança ilə silahlanmı mayor Nidal Həsənin 13 adamı öldürməsini və 32 adamı yaralamasını buna misal gətirir. Başqa nümunə 2011-ci ildə Norveçdə 69 adamı qətlə yetirmiş Anders Breyvikdir. 2008-ci ildə Mumbayda terror aktı nəticəsində həlak olan 166 adamdan 100-ü hücumun ilkin mərhələsində həyatlarını itirmişdi.

Belə məqamlarda başlıca yük terror hücumları baş verməzdən öncə qəsd planlarını aşkar edib onun müəlliflərini qabaqcadan zərərsizləşdirmək məsuliyyəti daşılyan kəşfiyyat agentliklərinin üzərinə düşür. Burada isə problem daha çox sosial xarakter daşıyır. Son bir neçə ayda Yaxın Şərqdən Avropaya üz tutna miqrant axını Fransa kimi ölkələrə kimlərin daxil olub-olmadığını ayırd etməyi çətinlıdirir. Buraya gələn yeni qaçqınlar haqda heç kəsdə məlumat yoxdur və onu əldə etmək olduqca çətindir. “Qaçqınların çoxu savadsızdır və onlar zorakı mühitdən çıxıblar. Parisdə baş verənlər onları cəmiyyətə inteqrasiyasını heç də asan etməyəcək. Qəzəb və nigarançılıq hissi isə dolu bəzi qaçqınlar cinayətə üz tuta bilərlər,” Cenkins yazır. Hələ qaçqın böhranından əvvəl də Avropada, ələlxüsus Fransada cəmiyyətdən ayrı düşmüş, onun dəyərlərini paylaşmayan gənclər ordusu yaranıb ki, bunlarda İŞİD kimi ekstremist qruplara rəğbəti öldürmək, cəmiyyətə uyğunlaşdırmaq və ən azı nəzarət etmək praktiki baxımdan qeyri-mümkündür.

Parisdəki terror hücumlarının müəllifi olduğu güman edilən və ötən həftə qətlə yetirilmiş Əbdülhəmid Abaud Belçika vətəndaşı idi.
Parisdəki terror hücumlarının müəllifi olduğu güman edilən və ötən həftə qətlə yetirilmiş Əbdülhəmid Abaud Belçika vətəndaşı idi.

Müasir zəmanənin texnoloji inkişafları bəşəriyyətə bir çox imtiyazlar bəxş edib. 21-ci əsrdə yaşayan insanların əksər qismi 17-ci əsrdə kralların malik olduqlarından daha çox komforta malikdirlər. Amma bu imtiyazlarla bərabər müəyyən yeniliklər mövcuddur ki, onlar həyatdakı qeyri-müəyyənliyi, bəzi hallarda faciəvi olayları şərtləndirir. Müharibə və zorakılıq bəşəriyyət üçün yeni fenomen deyil. Yeni olanı şər xislətli fərdlərin bəşəriyyətə ziyan vurma qabliyyətlərinin artmasıdır. Hər hansı bir sərsəm ideologiya və yaxud şəxsi bəhanə arxasında gizlənərək azad cəmiyyəti müvəqqəti də olsa vahiməyə salmaq, bununla gündəmə çıxmaq müasir terroru alovlandıran amillər sırasındadır. Bu reallığı aradan qaldırmaq isə fiziki terrorun qarşısını almaqdan daha problematikdir.

Dövlətin başlıca vəzifələrindən biri vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Demokratiyalarda bu vəzifə həm də insanların azadlıqlarına hörmət tələb edir. Azad cəmiyyətlər üçün terror daha böyük təhlükədir, çünki qanun aliliyini tanıyan dövlətlərdə insanlar qorxu ilə yox, konsensusla idarə olunur. Azad insanın azad seçimləri var. Bu seçimlər pis yaxud yaxşı ola bilər. Dövlət üçünsə dilemma təhlükəsizliklə azadlıqlar arasında kövrək balansı təmin etməkdir. Bu balansın ifrat şəkildə pozulması terrorçuları can atdıqları qələbəyə yaxınlaşdıra bilər.

XS
SM
MD
LG