Accessibility links

Təbrizdə milli fəal Vəhid Əbhəri həbs və cərimə cəzasına məhkum edilib


Keçən iyul ayında Təbrizdə təşkil olunan ərəblərə dəstək aksiyası ilə əlaqədar mühakimə edilən milli fəal Vəhid Əbhəri həbs və cərimə cəzasına məhkum edilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə məlumata görə, Təbriz Cəza Məhkəməsi türk fəal 3 ay həbs və 21 milyon rial cərimə ödəməyə məhkum edib. Fəalın həbs cəzasının 2 ayı 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Vəhid Əbhərinin “əhalini internet üzərindən zorakı hərəkətlərə təhrik və dəvət etmək”-də ittiham edildiyi bildirilir.

Keçən iyul ayının 22-də təhlükəsizlik qüvvələri tərəfindən tutulan Əbhəri 24 gün nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürülüb. Əhvazdakı etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

XS
SM
MD
LG