Accessibility links

Təbriz məhkəməsi siyasi fəalı həbs və şallaq cəzasına məhkum edib


Məhəmməd Mərdi
Məhəmməd Mərdi

Təbriz Cəza Məhkəməsi keçən iyul ayında Təbrizdə təşkil olunan ərəblərə dəstək aksiyası ilə əlaqədar mühakimə etdiyi siyasi fəal Məhəmməd Mərdini 3 ay həbs və 74 zərbə şalaq cəzasına məhkum edib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin xəbərinə görə, türk fəal “qanunsuz mitinqə qatılıb, hay-küy və qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə edilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, keçən iyul ayının 26-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Mərdi təqribən 17 gün nəzarətdə qaldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Həmçinin həmin aksiyalar ilə əlaqədar mühakimə edilən milli fəal Şəhruz Bərzgərin 5 milyon tümən cərimə ödməyə məhkum edildiyi bildirilir. Şəhruz Bərzgər isə iyulun 24-də nəzarət altına alınıb, bir həftə sonra sərbəst buraxılmışdı.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürülüb. Əhvazdakı etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

XS
SM
MD
LG