Azərbaycanın Korrupsiyanı Qavrama İndeksində balı aşağı olaraq qalır.
Bu barədə Beynəlxalq Şəffaflıq təşkilatının hesabatında qeyd edilib.
İndeks 180 ölkəni və ərazini dövlət sektorunda korrupsiyaya görə sıralayır. Azərbaycan da bu sıralamada yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb və təşkilat hesab edir ki, bu aşağı göstərici sayılır.
Müstəqil ekspertlər və siyasi partiya rəhbəri vəziyyətdən çıxış üçün korrupsiyaya qarşı sistemli mübarizənin lazımlılığını, demokratik seçkilərin keçirilməsini, azad məhkəmə və medianın olmasını, müstəqil vətəndaş cəmiyyətinin rolunu vacib sayır.
Hüquq müdafiəçisi Samir Kazımlı deyir ki, Azərbaycanda korrupsiya daha çox siyasi sistem problemi ilə bağlıdır.
“Siyasi hakimiyyətin yaratdığı bir fəsaddır. Bu, şaxələnir bütün qollara. Dediyim kimi burada da eyni zamanda korrupsiya halları baş verir, həmçinin korrupsiyanın üzərində ictimai nəzarət həyata keçirən vətəndaş cəmiyyəti, QHT-lər, medialar da məhdudlaşdırılır. Bunların hamısı bunu deməyə əsas verir ki, bu siyasi hakimiyyət tərəfindən gəlir və siyasidir. Başqa–başqa qollar olsaydı, aşağılarda olsaydı vətəndaş cəmiyyətinin, medianın fəaliyyətinə bu qədər məhdudlaşdırıcı hallar olmazdı. Yəni medianın, vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması onu deməyə əsas verir ki, bu bir başa mərkəzləşmiş və siyasi hakimiyyətdən gələn bir məsələdir" deyə o, qeyd edib.
Onun sözlərinə görə ölkədə korrupsiya ilə ən effektiv mübarizə aparmaq üçün ilk növbədə siyasi iradə olmalıdır.
İqtisadçı ekspert Toğrul Vəliyev isə deyir ki, Azərbaycanda ilk növbədə bürokratiyaya qarşı mübarizə aparılmalıdır.
“Bizdə dövlət qurumlarının sayı azalmaqdansa daha da çoxalır. Hər hansı bir sahə üzrə xüsusi bir qurum yaradılır. Ümumuyyətlə ASAN-xidmətin yaradılması belə hələ də bürokratiyanı ləğv etmək deyil. Çünki ASAN xidmət sadəcə binanın adıdır. Yəni yanaşma dəyişməlidir. Tamamilə yanaşma dəyişməlidir. Bu qədər qurumun mövcudluğu mənasızdır. Yəni ilk əvvəl bunların azaldılması, məmur sayının azaldılması, bunun hesabına əlbəttə ki, müvafiq olaraq əmək haqqlarını qaldırmaq mümükündür. İkincisi, addım atmaq olar bütün bu mexanizmlərin asanlaşdırılması. Çünki korrupsiya o zaman yaranır ki, bu mexanizmlər çətin olur və bu çətin mexanizmi keçmək lazımdır. Üçüncü məqam da bundan bütün sahələr üzrə başqa şəffaflığın təmin edilməsidir. Şəffalıq ən azı insana imkan verir nəzarət etməyə. Nəzarət olduqda korrpsiya ciddi şəkildə azalır. Bizdə isə şəffaflıq çox aşağı səviyyədədir" ekspert əlavə edib.
Rəsmilər nə deyir ?
Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bu günlərdə bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.
Hakimiyyət təmsilçiləri Azərbaycanda təməl hüquqların qorunduğunu bildirir, xaricdə pulyuma əməliyyatlarını təkzib edirlər. Bir çox müstəqil ekspertlər ayrı-ayrı sahələrdə korrupsiyanı inkişafı önləyən faktor hesab etsələr də, bununla razılaşmayan rəsmilər korrupsiya ilə sistematik mübarizə aparıldığını bildirirlər.
Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə məmurları tənqid edib, bir sıra rayonların icra başçıları, dövlət məmurları rüşvətxorluq, dövlət vəsaitini mənimsəmə ittihamları ilə həbs olunub.