Accessibility links

Samir Aşurov həbsinə etiraz olaraq aclığa başlayıb


Samir Ashurov

Almaniyadan readmissiya olunandan sonra saxlanılan Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu barədə bu gün, aprelin 21-də Aşurovla görüşdən sonra vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib.

Vəkil: Samir Aşurov etiraz olaraq aclıq edir
please wait

No media source currently available

0:00 0:01:19 0:00

“Samir Aşurov bildirdi ki, aprelin 19-da xarici pasport alıb, ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulub. Qeyd etdi ki, evinə çatan vaxt, Bakıda Neftçilər metrosu yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Samir onun əlindən çıxıb qaça-qaça “polis, polis” deyə qışqırıb. Həmin vaxtı polis dərhal Samiri tutub. Sonra gödəkcəsinin sağ cibinə bıçaq qoyublar. O bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. Bildirdi ki, 24-cü Polis Bölməsində onu döyüblər. Sonradan Nizami rayon Polis İdarəsinə gətiriblər. Bildirdi ki, əlini cibinə qoyduğuna görə orada da döyüblər. Mən onunla görüşəndə sinəsində və gicgah nahiyyəsində qançır izləri var idi. Bildirdi ki, həbsinə etiraz olaraq aprelin 19-dan aclıq aksiyası keçirir,” vəkil Amerikanın Səsinə deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, aprelin 19-da Bakı vaxtı ilə saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib.

"Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb. Samir Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdrilir," o qeyd edib.

Bununla yanaşı, vəkil Amerikanın Səsinə deyib ki, Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb.

İttiham sübut olunarsa, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir.

Samir Aşurovun polis tərəfindən döyülməsi iddiasına gəlincə, Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, iddia tam əsassızdır və həqiqətə uyğun deyil.

“Samir Aşurov konkret cinayət əməlinə ğörə təqsirləndirilir və onun vəkilinin dedikləri müdafiə xarakteri daşıyır. Bu da anlaşılandır,” o qeyd edib.

Bundan öncə Samir Aşurov aprelin 1-də Baş Prokurorluğun İstintaq İdarəsində şahid qismində ifadə verib.

İfadə verdikdən sonra Aşurov Amerikanın Səsinə bildirib ki, o, qeyri-leqal miqrasiya ilə bağlı cinayət işi üzrə dindirilib.

O deyib ki, iş üzrə fiqurantlar ilə heç bir əlaqəsi yoxdur və vizanı özü səfirliyə müraciət edərək qanuni əsaslarla alıb.

Aşurovun sözlərinə görə, onun siyasi fəaliyyətilə bağlı suallar verilməyib.

"Amma bu o demək deyil ki, həbs olunmağım üçün risk yoxdur. Almaniyadan göndərilmiş digər fəalları dərhal həbs etmədilər. 3-4 ay onlara qarşı iş apardılar," Aşurov deyib.

2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.

Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.

Bu zaman Almaniyanın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə deyib ki, Samir Aşurov Almaniyada iki dəfə məhkəməyə müraciət edib və hər iki dəfə məhkəməni uduzub.

Aşurov aprelin 1-də Amerikanın Səsinə bildirib ki, Azərbaycana çatan kimi hava limanında iki şəxs (biri mülki formada idi, digəri rütbəli şəxs idi) ondan ölkəni hansı səbəbdən tərk etdiyini soruşub.

"Mən Azərbaycanda siyasi təqiblərlə üzləşdiyimi dedim. İki dəfə şərlənərək həbs olunmağımı nəzərlərinə çatdırdım. Onlara bildirdim ki, hakimiyyətin qurbanlarından biri də mən olacam. Necə ki, məndən əvvəl dörd nəfər siyasi fəal, - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev həbs olunub. Mən Almaniyada məhkəmədə də bunları dedim. Həmçinin bildirdim ki, mühacirətə gəlməmişdən öncə siyasi fəaliyyətimlə əlaqədar olaraq iki dəfə, 30 və 60 sutka inzibati qaydada həbs olunmuşam. Bu rejim məni yenə saxta ittihamla həbs edəcək."

Fəal bəyan edib ki, Azərbaycanda hər saatı, hər günü onun üçün təhlükədir.

Azərbaycan hüquq mühafizə orqanları insanların iradəsinə görə təqib edilmədiyni bildirib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə deyib ki, readmissiya olunan siyasi fəalların taleyi narahatlıq yaratmaqda davam edir. Samir Aşurov artıq həbs edilən beşinci siyasi fəaldır.

"Readmissiya olunan beş siyasi fəalın hamısnın həbsi təsadüf ola bilməz. Biz, hüquq müdafiəçisi readmissiya olunan insanların ölkədə taleyinin narahatlıq doğurması ilə bağlı bir qayda olaraq Avropa İttifaqının ölkədəki nümayəndəliyi və Avropa İttifaqına daxil olan ölkələrin səfirlikləri qarşısında məsələ qaldırırıq," o qeyd edib.

Almaniyanın Azərbaycandakı Səfirliyi siyasi fəal Samir Aşurovun taleyi ilə bağlı aprelin 21-də Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, məsələ səfirliyin diqqətindədir.

"Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik. Azərbaycan hökumətilə insan haqları məsələləri ilə bağlı müntəzəm olaraq danışqılar aparılır," Almaniyanın Azərbaycandakı Səfirliyi qeyd edib.

Qeyd edək ki, rəsmi Bakı bir qayda olaraq insanların siyasi əqidəsində görə təqib edilmədiyini bildirir.

2021-ci ildə Avropadan 420 nəfər Azərbaycan vətəndaşı readmissiya edlib. Avropa İttifaqı ilə sazişin imzalandığı vaxtdan, 2014-cü ildən 2013 nəfər ölkəyə qaytarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG