Mayın 18-də Şirvan Apellyasiya Məhkəməsi hakim Rafiq Cəfərovun sədrliyi ilə bloger, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı Eyvaz Yahyaoğlunun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bu barədə Amerikanın Səsinə Milliyyətçi Demokrat Partiyasından bildiriblər.
Şirvan şəhər Məhkəməsi 10 may tarixli qərarı ilə blogeri İnzibati Xətalat Məcəlləsinin 531.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı sayaraq 28 sutka inzibati həbsə məhkum edib.
Eyvaz Yahyaoğlu məhkəmənin qərarı ilə razı deyil və Avropa Məhkəməsinə şikayət verəcəyini bildirib.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası hakimin qərarını qanunsuz sayır.
"Biz məhkəmənin qanunsuz qərarıni qətiyyətlə pisləyir və ölkəyə ədalət, günahsız həbs edilən vətəndaşlarımıza azadlıq tələb edirik," partiyanın bəyanatında deyilir.
Mayın 10-da bloger Eyvaz Yahyaoğlu Şirvan şəhər Məhkəməsinin (Bakıdan 113 kilometr cənub-qərb) qərarı ilə həbsə məhkum edilib.
"Eyvazı mayın 9-da Şirvan şəhər Polis Şöbəsinə çağırıblar və gecə orada saxlayıblar. Mayın 10-da Şirvan Şəhər Məhkəməsi hakim Elçin Qurbanovun sədrliyi ilə onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli bilərək 28 sutka həbs edib. Amma Eyvaz polisin tələbinə tabe olaraq özü polis şöbəsinə gedib," blogerin ailə üzvlərindən biri Amerikanın Səsinə deyib.
Dövlət tərəfindən təyin edilmiş vəkil Ruslan Mirzəyev Amerikanın Səsinə deyib ki, məhkəmədə Eyvaz Yahyaoğlu ittihamın qurama olduğunu, heç kimi təhqir etmədiyini, polisin tələbi ilə polis şöbəsinə gəldiyini bildirib.
"Amma sənədləşdirilib ki, Yahyaoğlu polisin binası qarşısında təhqiredici sözlər işlədib və bu zaman polisin tələbinə tabe olmayıb. Mənim ittiham tərəfinə suallar verməyimə baxmayaraq, məhkəmə inzibati həbs qərarı çıxardı," vəkil qeyd edib.
Şirvan şəhər Məhkəməsindən fəala qarşı həbs qərarı ilə bağlı sorğuya cavab almaq mümkün olmayıb.
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı Amerikanın Səsinə deyib ki, Yahyaoğlu Şirvan TV adlı YouTube kanalında Şirvan rayonunda baş verən hüquq pozuntularını ictimailəşdirdiyinə görə həbs edilib.
"Söhbət Şirvanda dağıdılmış balıq zavodundan gedir. Orada dövlət əmlakının qanunsuz dağıdılması, talanmasını çəkib göstərib. Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb".
Xatırladaq ki, blogerin yaydığı tənqidi reportajlar onun həbsindən sonra YouTube kanalından silinib. Müşahidəçilər faktları əks etdirən tənqidi reportajların blogerin özünə məcburi qaydada sildirildiyini güman edir.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Sərhədsiz Reportyorlar təşkilatı blogerin həbsini pisləyən bəyanatlarla çıxış edib.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası 1993-cü il dekabrıb 26-da təsis edilib. Partiya hazırda müxalifətdədir.