Accessibility links

Həbsxanalarda aclıq aksiyası genişlənir


Azərbaycan cəzaçəkmə müəssisələrində aclıq aksiyası genişlənməkdədir.

Belə ki, iyunun 3-də Qobustan qapalı həbsxanasında Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin başladığı aclıq aksiyasına həbsdə olan hərəkatın digər üzvləri Abbas Hüseynov və Cabbar Cabbarov, həmçinin jurnalist Polad Aslanov qoşulub.

Bu barədə məhbusların ailə üzvləri sosial şəbəkələrdə məlumat yayıb.

Məlumatı Amerikanın Səsinə Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə də təsdiq edib.

Onun sözlərinə görə, Tale Bağırzadənin sudan imtina etməsi ilə bağlı yayılan məlumatlar doğru deyil.

“Tale bəy su qəbul etməklə aclığı beşinci gündür davam etdirir. Dünən telefonla danışdıq, özü durumunun normal olduğunu desə də, səsində gərginlik hiss edilirdi. Həbsxana rəhbərliyi aclığı dayandırmasını, komaya düşə biləcəyini desə də, o bu təklifdən imtina edib. Hacı Tale ümumi kamerada saxlanılır,” o qeyd edib.

19 il həbsə məhkum edilən Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz edir və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.

Aclıq aksiyasına qoşulan digər məhbuslar da Tale Bağırzadənin tələblərini müdafiə edir.

Məsələ ilə bağlı Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə (Bakının Nəsimi rayon Polis İdarəsinin bölməsi-red), sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib.

“Dedilər ki, əgər məhkəmələrdə yenə iştirak etsən zorlanacaqsan. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim,” o, mayın 23-də mətbuat konfransında bildirib.

Müsəlman Birliyi Hərəkatının digər üzvü Süleyman Ələkbərov da saxlanıldıqdan sonra 22-ci polis bölməsinə aparıldığnıı və daha sonra işgəncəyə məruz qaldığını bildirib.

“Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər. Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər,” o, mətbuat konfransında bildirib.

Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu bildirib.

“Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər,” Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qüvvələri Ukraynanın şərqini və cənubunu atəşə tutub
please wait

No media source currently available

0:00 0:10:08 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG