Accessibility links

Həbsdə olan Vətəndaş və İnkişaf Partiyası liderinin aclıq aksiyası genişlənir


Əli Əliyev
Əli Əliyev

"Vətəndaş və İnkişaf Partiyası (VİP) hakimiyyətin partiyanın sədri Əli Əliyevə qarşı süni "hüquq" müstəvisində təzyiqləri davam etdirməsini qətiyyətlə pisləyərək, artıq siyasətçinin sağlamlığını təhlükə altına alan aramsız basqılara son qoyulmasını, VİP lideri əleyhinə başladılan saxta prosesin təcili dayandırılmasını və onun ən qısa müddətdə azadlığa buraxılmasını tələb edir".

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının bu gün, iyunun 8-də yaydığı bəyanatda deyilir.

VİP bəyan edir ki, həbsxanada aclıq aksiyasına başlayan Əli Əliyevin səhhətində yaranacaq problemlərə və bununla bağlı mümkün arzuedilməz nəticələrə görə məsuliyyət birmənalı şəkildə hakimiyyətin üzərində olacaq.

"VİP Əli Əliyevin qanunsuz həbsdən tezliklə azad olunması üçün bütün qanuni vasitələrlə mübarizəni davam etdirəcəyini bəyan edir" , sənəddə qeyd edilir.

İyunun 7-də Bakının Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə verdiyi xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə iclası keçirilib.

Bu 2021-ci ilin dekabrından etibarən, Əli Əliyevə qarşı məhkəmə icraatına götürülən xüsusi ittiham qaydasında sayca 3-cü şikayətdir. Onlardan 2-si – Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri, - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə şikayətləri əsasında Yasamal Rayon Məhkəməsində bu il yanvarın 13-ü və aprelin 15-də Əli Əliyevin müvafiq olaraq, 5 ay və 1 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.

"Hakimiyyət VİP sədrinə qarşı davam etdirdiyi təzyiqlərin nəticəsiz qalması və Əli Əliyevin hər hansı pərdəarxası "anlaşma"ya razılıq verməməsi səbəbindən onun həbs müddətini artırmaq üçün bu dəfə cəmiyyətdə bəlli reputasiyaya malik Ramiz Göyüşovun iştirakı ilə yeni saxta "hüquqi" prosesə start verib" , VİP bildirir.

İyunun 7-də Əli Əliyev məhkəmə zalında etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Dilguşə Gülümcan
Dilguşə Gülümcan

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Dilguşə Gülümcan Amerikanın Səsinə müsahibəsində bildirib ki, Əli Əliyevin tələblərini müdafiə məqsədi ilə bu gündən, iyunun 8-dən partiya fəalları aclıq askiyasına başlayıb. Belə ki, VİP qərargahında keçiriləcək aksiyaya ilk olaraq partiya fəalları Zaur Qasımov və Zeynal Abdullayev qatılıb.

Dilguşə Gülümcan: Əli Əliyev Rusiyanı tənqidindən sonra həbs edilib
please wait

No media source currently available

0:00 0:05:04 0:00

Xanın Cülümcanın sözlərinə görə, partiya fəalları Əli Əliyevə qarşı keçirilən qeyri-qanuni məhkəmə prosesinə etiraz edirlər.

"Dünən çox qeyri-qanuni məhkəmə keçirildi. Bu səbəbdən o, məhkəmədə aclıq elan etdiyini bildirdi. Əli müəllim və vəkilləri hakimdən imtina etdilər, lakin vəsatət qəbul edilmədi. Şikayətçinin vəkili sosial şəbəkələrdə yayılan videonu ailə sirri hesab etdiyni və bu səbəbdən məhkəmənin qapalı keçirilməsini xahiş etdi. Hakim təklifi qəbul etdi".

Partiya sədrinin müavini hesab edir ki, Əli Əliyevə qarşı ittihamlar "siyasi oyundur".

"Hakim linqvistik ekspertiza üçün bir aylıq fasilə elan etdi. Halbuki Əli müəllimin iyulun 12-də həbs müddəti başa çatır. Bu səbəbdən vaxtı uzadırlar, yəni onun həbsi başa çatan gün yenidən həbs qərarı verəcəklər. Bu səbəbdən Əli müəllim qanusuzluğa, siyasi həbsinə etiraz olaraq aclığa başladı" , sədr müavini qeyd edib.

Dilguşə Gülümcan VİP sədrinin həbsinin səbəblərindən danışarkən deyib ki, bunun səbəbi Əli Əliyevin Rusiyaya qarşı sərt bəyanatlarıdır.

"Əli Əliyev 44 günlük müharibədən sonra Rusiyaya qarşı sərt çıxışlar etdi. Hərbi əməliyyatların dayandırılması barədə bəyanatı Türkiyənin hansı səbəbdən imzalamaması, Dağlıq Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Terkiyə sülhməramlılarının olmamasına etiraz etdi. O bildirirdi ki, Rusiya Ordusu Ermənistanda varsa, Türkiyə Ordusu da Azərbaycanda yerləşdirilməlidir. Azərbaycanda rusdilli məktəblərin sayının həddən artıq artmasına, türkdilli məktəblərin qapadılmasına etitaz etdi. Nazirliklərdəki korrupsiya hallarını faktlarla sübut edirdi".

Partiya sədrinin müavini bildirib ki, Əli Əliyevlə əlaqə saxlaya bilmirlər.

"O, məhkəmədə bildirib ki, ona əməkdaşlıq təklifi ediblər. Əli müəllim isə əməkdaşlıqdan imtina edib. Hətta onu ölümlə də hədələyiblər. Məhkəmələrin davam etməsinin də səbəbi budur" , o qeyd edib.

Cavad Cavadov
Cavad Cavadov

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Əliyevin aclığına səbəb ona qarşı eyni ittham üzrə məhkəmələrin keçirilməsidir.

Cavad Cavadov: Bu siyasi təqibdir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

"Təəssüflər olsun ki, Əli Əliyevə eyni əmələ görə iki dəfə cəza verilib. Bu Azərbaycanda ilkdir. Eyni əmələ görə iki dəfə cəza verilməməsi Azərbaycan Konstitusiyasında, Cinayət Məcəlləsində, Cinayət Prossesual Məcəlləsində və Avropa İnsan Haqları Konvernsiyasında təsbit olunmuş dəmir bir prinsipdir. Buna baxmayaraq məhkəmələr onu bir əmələ görə iki dəfə məhkum etdi. Bundan sonra ona qarşı xüsusi ittiham qaydasında üçüncü şikayət də verilib".

Vəkil deyib ki, Əliyev məhkəmədə təqiblərin sifarişli olduğunu, siyasi fəaliyyyəti ilə bağlı olduğunu biildirib.

"Əl Əliyev məhkəmədə bu səbəbdən aclıq aksiyasına başladığını bildirdi".

Vəkilin sözlərinə görə, Əli Əliyev ələ alınması üçün cəhdlərlə bağlı məhkəmədə fikirlər səsləndirib və partiyasının bəyanatında da bu əks olunub.

"Biz apellyasiya şikayətimizdə də Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozulduğunu göstəririk. Ümumi dildə ifadə etsək, bu, siyasi təqibdir. Əgər yerli məhkəmələrdə şikayətimiz təmin edilməsə Avropa Məhkəməsinə şikayət edəcəyik" , o qeyd edib.

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovdan məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bununla yanaşı bir qədər əvvəl Göyüşov iddia edib ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib.

Yeni Azərbaycan Partiyasından Amerikanın Səsinə deyiblər ki, Ramiz Göyüşov partiyanın üzvü olmadığından onun şikayəti ilə bağlı hər hansı şərh verə bilməzlər.

Yasamal rayon Məhkəməsinin dəftərxanasından Amerikanın Səsinə məhkəmə perosesi ilə bağlı deyilənlərin doğru olmadığını bildiriblər.

"Məhkəmə şikayət üzrə keçirilir və proses başa çatanda qərar qəbul ediləcək. Məhkəmənin qərarı isə şərh olunmur, ondan yuxarı məhkəmə instansiyasına şikayət verilə bilər", dəftərxananın əməkdaşı qeyd edib.

XS
SM
MD
LG