Accessibility links

Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib


Əli Əliyev

İyunun 22-də Azərbaycan Ali Məhkəməsi hakim Əziz Seyidovun sədrliyi ilə Emil Cəfərovun xüsusi ittihamı əsasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin kassasiya şikayətini təmin etməyib. Əli Əliyev məhkəmə iclasında iştirak etməyib.

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlayıb.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verib.

İddiaçıların hər biri Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Xüsusi ittihamçıların şikayətləri ayrı-ayrı icraatda araşdırılıb.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da "Osmanqızı TV" YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev, həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Emil Cəfərovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsi Əliyev barəsində 5 ay həbs hökmü çıxarıb.

Daha sonra Ramin Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsi Əli Əliyevi daha 5 ay həbsə məhkum edib. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza müddəti qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrumetmə cəzası seçilib.

Əliyev həbsdə olduğu müddətdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov ona qarşı xüsusi ittiham qaydasında yeni şikayət verib. Göyüşov iddia edir ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib.

Hazırda VİP sədrinə qarşı Ramiz Göyüşovun iddiası üzrə Yasamal rayon Məhkəməsində proses davam etdirilir. Sabah, iyunun 23-də növbəti məhkəmə iclası olacaq.

Əli Əliyev ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.

please wait

No media source currently available

0:00 0:01:55 0:00

Vəkil Cavad Cavadov Ali Məhkəmənin bu gün qəbul etdiyi qərarı qəbul etmir.

"Düşünmürəm ki, Ali Məhkəmə mənim kassasiya şikayətimi əsaslandıra bilsin. Biz Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyik".

Vəkil məhkəmənin qərarının söz azadlığı üçün mənfi olduğunu düşünür.

"Ən azı belə sərt cəza təyin edilməsini ümumiyyətlə qəbul etmirəm. Çünki alternativ cəzalar da var. Buna baxmayaraq məhkəmənin azadlıqdan məhrumetmə cəzasını təyin etməsi və sonrakı mərhələlərdə digər şəxsin eyni məsələ ilə bağlı Əli Əliyevi məhkum etdirməsi artıq ona qarşı olan münasibətin göstəricisidir. Düşünürəm ki, bu Azərbaycan məhkəmələrinin imici üçün mənfidir" , vəkil qeyd edib.

Öz növbəsində, Ali Məhkəmənin cinayət işləri üzrə KİV-lə əlaqələrə məsul hakimi Fərhad Kərimov Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarına kim isə münasibət bildirə bilməz.

"Əgər hansısa tərəf Ali Məhkəmənin qərarından narazıdırsa, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verə bilər" , o qeyd edib

Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə təsis edilib. Təsis qurultayında Əli Əliyev bu partiyanın sədri seçilib. Əliyev bundan öncə Azərbaycanın Milli İstiqlal Partiyasının sədri olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG