Accessibility links

İran Azərbaycanında mədən işçiləri həmkarlarının həbsinə etiraz olaraq aksiya keçirib


Şərqi Azərbaycan vilayətində yerləşən Süngün mis mədəni kompleksinin iki işçisi təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və "İran İşçilərinin Azad Birliyi"nin yaydığı məlumata görə, mədənin podratçı şirkətlərinə çalışan işçilər həmkarlarının həbsinə etiraz olaraq piket keçiriblər.

HRA agentliyi nəzarət altına alınan işçilərin adlarını Vəliullah Mahmudi və Ərşəd Kazımpur olaraq açıqlayıb.

Sosial şəbəkələrdə yayılan xəbərlər və görüntürlərə istinadən, işçilərin piketi gecə saatlarında da davam edib.

"Çadır quraraq mitinqi gecə vaxtında da davam edən işçilər tələblərinin yerinə yetirilməsi və həmkarlarının sərbəst buraxılmasına qədər etiraza davam edəcəklərini bildirib" - deyə, İran İşçilərinin Azad Birliyinin Telegram kanalında yazılıb.

Süngün mis mədəninin podratçı şirkətlərinə çalışan yüzlərlə işçi keçən ildən bəri dəfələrlə tətil və piket təşkil edərək aşağı əmək haqqı, habelə bərbad iş və məişət şəraitinə etiraz edir, əmək haqqı və ödənişlərinin artırılmasını tələb edirlər.

İran Azərbaycanında yerləşən qızıl, mis və digər qiymətli daş mədənlərinin gəliri uzun müddətdir ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkirlər.

XS
SM
MD
LG