Accessibility links

Fransa Azərbaycan Minatəmizləmə Agentliyinə 130 minaaxtaran detektor hədiyyə edib


Fransa səfiri ANAMA-ya minaaxtaran detektor bağışlayır (Foto ANAMA-dır

Avqustun 3-də Fransanın Azərbaycandakı Səfirliyi Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) 130 ədəd minaaxtaran detektor hədiyyə edib.

ANAMA-nın məlumatında deyilir ki, minaaxtaran detektorlar Agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə təqdim edilib.

Tədbirdə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Fransanın səfiri Zakari Qros çıxış edib.

Vüqar Süleymanov bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları Azərbaycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.

Rəsmi məlumatlara görə, Azərbaycanın azad edilmiş ərazilərində 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək ümumilikdə 33319 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələr nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 45 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi mütəxəssisləri minatəmizləmə işlərini həyata keçirir.

XS
SM
MD
LG