Accessibility links

Rusiya Təhlükəsizlik Şurası Dağlıq Qarabağda durumu müzakirə edib, Xarici İşlər Nazirliyi bəyanat yayıb


Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında (Foto Rusiya prezidentinin rəsmi saytından götürülüb)
Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında (Foto Rusiya prezidentinin rəsmi saytından götürülüb)

Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib. Müşavirə zamanı Türkiyə prezidenti Ərdoğanla qarşıdakı danışıqların gündəliyi, eləcə də Qarabağdakı vəziyyəti müzakirə edilib.

“Qarşıdakı ən yüksək səviyyədə Rusiya-Türkiyə danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb. Dağlıq Qarabağda vəziyyət müzakirə edilib, üçtərəfli müqavilənin bütün müddəalarının yetirilməsinin zəruriliyi vurğulanıb,” Kremlin məlumatında qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabaöğdakı durumla bağlı yaydığı bəyanatda deyilir ki, Rusiya sülhməramlıları vəziyyəti stabilləşdirmək üçün səylər göstərir.

“Biz Laçın dəhlizi ərazisində və təmas xəttinin digər hissələrində gərginliyin artması ilə bağlı hədsiz narahatlığımızı bildiririk. Təəssüf ki, qurbanlar var. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün hər cür səy göstərirlər. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkənin ali rəhbərliyi səviyyəsində aktiv iş aparılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır,” bəyanatda bildirilir.

Rusiya Xarici Işlər Nazirliyi tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır.

“Biz ona əsaslanırıq ki, mövcud ziddiyyətlərin nizamlanması yalnız siyasi-diplomatik vasitələrlə, tərəflərin mövqeləri nəzərə alınmaqla və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi riayət edilməklə həyata keçirilməlidir,” bəyanatda deyilir.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə azı bir Azərbaycan və iki erməni hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçu yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat üçün yaydığı bəyanatda ABŞ-ın Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmaları ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır,” bəyanatda qeyd edilir.

XS
SM
MD
LG