Accessibility links

Dağlıq Qarabağ və ətraf ərazilərdə döyüşlər qeydə alınıb, ölən və yaralananlar olduğu bildirilir


Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Məlumata görə, əməliyyat çərçivəsində erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.

Nazirliyin bildirdiyinə görə, Azərbaycan dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır.

Özünü Dağlıq Qarabağ Müdafiə Ordusu kimi təqdim edən qurum bildirir ki, Azərbaycan bölmələri atəşkəs rejimini pozaraq Müdafiə Ordusunun döyüş mövqelərini və hərbi hissələrdən birinin daimi dislokasiya yerini atəşə tutub.

“Düşmən müxtəlif çaplı atıcı silahlarla yanaşı, minaatanlardan, qumbaraatanlardan və PUA-lardan da istifadə edib, nəticədə müqaviləli hərbçilər Qurgen Qabrielyan və Artur Xaçatryan ölümcül yaralanıb. Daha 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb,” qurumun məlumatında deyilir.

Məlumatda həmçinin bildirir ki, “Artsaxda (Qarabağ) sülhməramlı missiyanı yerinə yetirən Rusiya kontingentinin komandanlığı ilə birlikdə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görülür”.

“Saat 18-ə (Bakı vaxtı ilə) olan məlumata görə, əməliyyat-taktiki vəziyyət nisbətən stabildir,” bəyanatda deyilir.

Regiondakı hərbi gərginlik avqustun 3-də Rusiya sülhməramlılarının nəzarət zonasında Azərbaycan hərbçisinin ölümü və avqustun 2-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla, Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan müdafiə naziri Zakir Həsənovla telefon danışıqlarından sonraya təsadüf edir. Bundan öncə, avqustun 1-də Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub. Karen Donfrid hər iki nazirlə regiondakı son durumu müzakirə edib.

Mövzuya uyğun

XS
SM
MD
LG