Accessibility links

Azərbaycanda sabiq nazirin ziyanın müqabilində dövlətə 20 milyon manat ödədiyi bildirilir


Səlim Müslümov
Səlim Müslümov

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dəymiş ziyanın müqabilində dövlətə 20 milyon manat pul ödədiyi bildirilir.

Bu barədə avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elanı zamanı deyilib.

İttihama əsasən, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verilib.

Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

İttihamda deyilir ki, Müslümov ümumilikdə dövlətə 27 milyon manat ziyan vurub. O, həmin ziyandan 20 milyon manatı ödəyib.

Bundan başqa, sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Məhkəmənin növbəti iclası avqustun 29-na təyin edilib.

Səlim Müslümov 2013 -cü ilin oktyabrından 2018-ci ilin aprelinədək Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri olub. Onun nazir işlədiyi dövrdə nazirliyin fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar üzrə Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 2021-ci ilin fevralında həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Yerli medianın məlumatına görə keçmiş nazirin çoxsaylı daşınmaz əmlakının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG