Accessibility links

Gültəkin Hacıbəyli: Azərbaycan demokratiyanın, Qərbin yanında olmalıdır


Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin avrointeqrasiyaya təsirlərindən, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin perspektivlərindən danışıb.

Gültəkin Hacıbəyli: Azərbaycan demokratiyanın, Qərbin yanında olmalıdır
please wait

No media source currently available

0:00 0:04:55 0:00

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi başlanandan sonra beynəlxalq münasibətlər sistemində kəskin dəyişikliklər baş verməkdədir. Sizcə Azərbaycan yeni durumda necə davranmalıdır ki, mümkün təhdidlərdən özünü sığortalaya bilsin?

Gültəkin Hacıbəyli: Ukrayna savaşı təkcə iki dövlət arasında ərazi uğrunda olan savaş deyil. İlk növbədə dəyərlər uğrunda olan savaşdır. Demokratiya ilə despotiyanın savaşıdır. Aydındır ki, Azərbaycanın bu savaşda seçməli olduğu yer, haqqın yanı olmalıdır, demokratiyanın yanı olmalıdır. Eyni zamanda düşünürəm ki, Azərbaycan özünün yaxın müttəfiqi Türkiyə ilə addımlarını uzlaşdıraraq atmalıdır. Bu baxımdan Türkiyənin də NATO üzvü olduğunu nəzərə alsaq, Türkiyənin də Qərbin bir parçası olduğunu nəzərə alsaq, mənə elə gəlir ki, Azərbaycanın yeri haqqında suallar üçün heç bir məkan yoxdur. Azərbaycan demokratiyanın, Qərbin yanında olmalıdır.

Amerikanın Səsi: Son aylar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr fəal inkişaf edir və tərəfdaşlıq haqqında sazişin tez bir zamanda imzalanacağının anonsu verilib? Bu sənəd Azərbaycanı Avropaya nə dərəcədə yaxınlaşdıracaq?

Gültəkin Hacıbəyli: Mən çox ümid edirəm ki, bu proses surətlənəcək. Avrointeqrasiya bizim tarixi seçimimizdir. Avrointeqrasiya Azərbaycanın xarici siyasət doktirinasının əsas istiqamətlərindən biridir. Düşünürəm ki, bu proseslər Azərbaycanın vahid Avropa məkanına inteqrasiyasına gətirib çıxaracaq. Azərbaycanda Avropa dəyərlərinin söhbəti təbii ki, insan haqlarından, qanunun aliliyindən, demokratiyadan gedir. Azərbaycana gəlməsinə yol açacaq. Tərəqqinin, rifahın, inkişafın ölkəmizə gəlməsinə yol açacaq.

Amerikanın Səsi: Avropanın Azərbaycanın enerji resurslarına marağının artdığı bir vaxtda insan hüquqları məsələləri arxa plana keçməyəcək ki?

Gültəkin Hacıbəyli: Mən ekspertlərin həyacanını anlayıram. Lakin hesab edirəm ki, bu, müvəqqəti narahatlıqdır. Hal-hazırda dünyanın başı Ukraynadakı savaşa qarışıb. Bütün dünya güclərini bu savaşda Ukraynaya dəstək vermək istiqamətində səfərbər edib. Amma bir şeyi unutmayaq ki, Qərbin Ukraynaya verdiyi dəstək təkcə bir xalqın, bir dövlətin ərazi bütövlüyünə verilən dəstək deyil. Bu, demokratiyaya, insan hüquqlarına verilən dəstəkdir. Ukraynada demokratiya və insan haqlarına görə bu qədər savaş verən, bu qədər böyük fədakarlıqlar edən, Ukraynanı birmənalı olaraq dəstəkləyən Qərb, Rusiyaya qarşı demokratiya savaşı açan Qərb təbii ki, Azərbaycan kimi kiçik bir ölkələrdə və başqa avtoritar ölkələrdə bu təmayüllərlə barışmayacaq, insan haqlarının pozulması ilə barışmayacaq. Bu mümkünsüzdür. Ona görə də düşünürəm ki, Ukrayna müharibəsi bitəndən sonra Qərb digər ölkələrdə də demokratiya məsələlərinə daha çox önəm verəcək, o cümlədən Azərbaycan da isitisna deyil.

Amerikanın Səsi: Sizcə avrointeqrasiyanın dərinləşməsi gələcəkdə Azərbaycanda demokratik islahatların daha da genişlənməsinə təkan verə bilərmi?

Gültəkin Hacıbəyli: Birmənalı olaraq belə olacaq. Mənim təmsil etdiyim qurum avtoritorizmdən demokratiyanın yalnız dinc konstitusion keçidini nəzərdə tutur. Hesab edirik ki, ölkəni çaxnaşmadan qorumaq lazımdır. Bu işdə bizə avrointeqrasiya prosesinin çox böyük qatqıları olacaq. Çünki məhz Avropaya yaxınlaşmaq ölkəmizdə söz və ifadə azadlığı, sərbəst toplaşma azadlığı kimi hüquqların təmin olunmasına şərait yaradacaq. Məhz bundan sonra ölkədə təbii ki, həmin hüquqlarını həyata keçirirək insanların dinc kütləvi mübarizəsi üçün şərait yaradılacaq. Bu baxımdan Avrointeqrasiya Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid üçün vacib olan bir şərtdir və vacib olan faktordur. Mən çox ümid edirəm ki, bu prosesi biz yaxın zamanda uğurlu nəticəyə götürə biləcəyik.

XS
SM
MD
LG