Accessibility links

Ərdəbildə məktəbli qızın öldürülməsi xəbəri əhalini qəzəbləndirib


Şahid qız liseyi, Ərdəbil
Şahid qız liseyi, Ərdəbil

Ərdəbildə Şahid qız liseyinin bir tələbəsinin mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə dair xəbərlər şəhər əhalisini qəzəbləndirib.

Sosial mediada yayılan xəbərlər və görüntülərə əsasən, şənbə günü Ərdəbil şəhərinin bir neçə bölgəsində mitinqlər və toqquşmalar baş verib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, həmin gün əksəriyyəti gənc qadınlar və yeniyetmələr olmaqla təqribən 50 etirazçı polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Keçən çərşənbə günü təhlükəsizlik qüvvələri Ərdəbilin Məsumə və Şahid liseylərində hakimiyyətyönümlü yürüşlərə qatılmaqdan imtina edən şagirdlərə qarşı zorakılıq tətbiq ediblər. Bir çox şagirdin saxlanıldığı, bir neçəsinin isə xəstəxanaya göndərildiyi bildirilib.

Bəzi mənbələr Ərdəbilin Fatimi xəstəxanasına yerləşdirilən Şahid liseyinin şagirdlərindən birinin həyatını itirdiyini yazıblar. Rəsmi dövlət agentliyi İRNA rəsmilərə istinadə edərək şagirdin öldürülməsi xəbərini təkzib edib.

Amnesty International təşkilatının oktyabrın 13-də yayımladığı bəyanata görə, İranda keçən ay hicabı düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən həbs edilən gənc qadının öldürülməsi səbəbi ilə başlayan geniş etirazlarda ölən yüzlərlə insan arasında ən azı 23 uşaq da var.

XS
SM
MD
LG