Accessibility links

Milli Şura Polşada saxlanılan Azərbaycan əsilli Ukrayna vətəndaşının azadlığa buraxılmasını tələb edir


“Biz Elxan Nuriyevin dərhal azad edilməsini tələb etməklə yanaşı, ümid edirik ki, Polşanın hüquq mühafizə orqanları bu məsələyə obyektiv yanaşacaq və onu sərbəst buraxacaq.”

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir.

Milli Şura hesab edir ki, Elxan Nuriyevin Polşada saxlanılmasının səbəbi siyasidir və Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır.

“Belə ki, Elxan Nuriyevin Rusiya işğalının beynəlxalq səviyyədə pislənməsi, Ukraynanın müdafiəsinin təşkili, onun ordusuna yardımlar edilməsi sahəsində gördüyü işlər, eyni zamanda, bu ölkədə yaşayan soydaşlarımız arasında bu yöndə ciddi təbliğat aparması təcavüzkar Rusiyanın müttəfiqi olan Azərbaycan hakimiyyətinin xoşuna gəlmirdi. Ona görə də o, Putinin xoşuna gəlmək və dolayısı ilə də olsa, ona dəstək vermək məqsədilə 29 il bundan qabaq baş vermiş cinayət hadisəsi ilə bağlı əsassız beynəlxalq axtarış sənədlərini yeniləyərək, Elxan Nuruyevin ekstradisiyasına nail olmaq istəyir,” sənəddə qeyd edilir.

Elxan Nuriyev 1992-ci ilin sentyabrından 1993-cü il avqustun 22-dək Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1993-cü ilin sentyabrında Azərbaycanı tərk edərək Ukraynaya gedib. Nuriyev Ukrayna vətəndaşıdır. Elxan Nuriyev Ukrayna Zabitlər İttifaqının üzvü, mərkəzi nəzarət-təftiş komitəsinin sədridir.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Elxan Nuriyev oktyabrın 2-də Polşa Respublikasının ərazisində saxlanılıb.

“Hazırda onun Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib. Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10 (Qəsdən adam öldürmə-təkrar adam öldürmə), 29 (Cinayət etməyə cəhd), 120.2.11 (Banditizmlə əlaqədar adam öldürmə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma- ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib,” Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Öz növbəsində, Polşa hüquq-mühafizə orqanları Nuriyevin saxlanılması ilə bağlı hələ açıqlama verməyib.

Bununla yanaşı, ona qarşı qəsdən adam öldürmə ittihamının "Qaranquş işi" ilə bağlı olduğu güman edilir. 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal ediləndə "Qaranquş" kəşfiyyat-diversiya dəstəsinin üzvləri Qubadlı rayon prokurorunu, prokurorluğun müstəntiqini, rayon polis şöbəsinin rəisini və onun sürücüsünü, məhkəmənin sədrini və polis əməkdaşını öldürməkdə ittiham edilib. "Qaranquş" dəstəsinin ittiham olunan 9 üzvü 1995-ci ildə çıxarılmış məhkəmə hökmü ilə ömürlük həbsə məhkum edilib.

XS
SM
MD
LG