Accessibility links

Azərbaycan müdafiə naziri İranla sərhəd ərazidə keçirilən hərbi təlimləri izləyib


Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəd ərazidə keçirilən hərbi təlimləri izləyir (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)
Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəd ərazidə keçirilən hərbi təlimləri izləyir (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəddə, ölkənin cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.

"Xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilib. Sonra təlimin növbəti mərhələsinə uyğun olaraq tapşırıqların icrası nümayiş etdirilib. Plana əsasən, xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər. Təlimdə həmçinin yaşayış məntəqəsində döyüşün aparılması, şərti düşmənin dərinliyinə desant endirilməsi və pusqunun icrası, eləcə də hava yolu ilə qruplara təminatın çatdırılması üzrə fəaliyyətlər icra olunub" , Müdafiə Nazirliyi bildirir.

İranla sərhəd ərazidə keçirilən hərbi təlimlər (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)
İranla sərhəd ərazidə keçirilən hərbi təlimlər (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Nazir Zakir Həsənov bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrin təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, son zamanlar İran və Azərbaycan arasında diplomatik sahədə fikir ayrılıqları hərbi təlimlərlə müşahidə edilməkdədir.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

"Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcəklər," Müdafiə Nazirliyi qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG