Accessibility links

İran Səfirliyi İran-Azərbaycan sərhədindəki hərbi təlimlərlə bağlı bəyanat yayıb


İranın Azərbaycandakı Səfirliyi oktyabrın 17-19-da bu ölkənin Azərbaycanla sərhədində keçirilən hərbi təlimlər ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, İran silahlı qüvvələrinin şimal-qərb bölgəsində başlayan manevr və təlimləri, İran silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir.

“Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamazdan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.”

Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını xatırladıb.

“Bu notadan əlavə, İran silahlı qüvvələri baş qərargah rəisi Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir. İki dost və qardaş ölkə olan İran və Azərbaycan münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub,” bəyanatda deyilir.

İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi Azərbaycanda tənqidlərlə qarşılanıb. Belə ki, ölkə televiziyalarında, sosial şəbəkələrdə çoxsaylı insanlar İranın təlimlərinin Azərbaycana qarşı yönəldiyini bildirib.

İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) quru qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib ki, üç gün davam edən hərbi təlimdə texnika və silahların daşınması məqsədilə Araz çayı üzərində ilk dəfə olaraq səyyar körpü quraşdırılacaq.

"Təlimlərdə Araz çayı üzərində körpünün quraşdırılması, rabitə yollarının ələ keçirilməsi və nəzarətə alınması, hündürlüklərin ələ keçirilməsi və məhvetmə məqsədilə hücumedici taktikaların məşqi nəzərdə tutulur," o qeyd edib.

Təlimin coğrafi əhatəsinin Azərbaycan Respublikası ilə sərhəd olan Ərdəbil və İranın Şərqi Azərbaycan vilayətlərinin bütün sərhəd zolağı olduğu bildirilir.

Bu arada İran Azərbaycanından olan vəkil Cəfər Afşarniya İran İslam İnqilabı Keşikçiləri Korpusunun Araz bölgəsində keçirdiyi təlimlə bağlı Instagram hesabında bildirib ki, bu təlim BMT-nin Nizamnaməsinin 2-ci bəndinə və ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə ziddir.

“Araz çayının ən dərin hissəsi İran, Azərbaycan və Ermənistan ölkələri arasında sərhəddir və bu çayın üzərindən səyyar körpü vasitəsilə hərbi qüvvələrin keçməsi "ərazi bütövlüyünün pozulması hesab olunur," o qeyd edib.

Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə bildirib ki, İranın Azərbaycanla sərhəddə təlim keçirməsi Azərbaycana qarşıdır.

"Bu təlimlərin keçirilməsinin arxasında bəzi dairələrin, xüsusilə SEPAH-ın maraqları var. Çünki Ermənistanla bağlantının saxlanılması SEPAH-ın rəsmiləri adından dəfələrlə dilə gətirilib. Bu istiqamətdə gərginlik də artmaqdadır," o qeyd edib.

Zülfüqarov hesab edir ki, İranın Azərbaycanla sərhəddə fəallaşması İran-Rusiya ənənəvi rəqabətinin işarəsi kimi də qəbul edilməlidir.

“Belə görünür ki, Rusiyanın mövqeyinin zəifləməsi İranda bəzi dairələrdə belə bir fikir formalaşmasına imkan verir ki, burada siyasi və hərbi rəqabət üçün imkanlar açılır. Hesab edirəm ki, bu yanlış bir fikirdir. Çünki Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığı Azərbaycana imkan verir ki, bu cür cəhdlərə çox təmkinli yanaşsın. Amma Azərbaycan da öz imkanlarını nəzərə alaraq lazımi cavab addımları atmağa hazır olmalıdır," keçmiş nazir qeyd edib.

Bununla yanaşı bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi Twitter səhifəsində yazıb ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran-Azərbaycan münasibətlərindəki gərginlik oktyabrın 17-də iki ölkənin xarici işlər nazirlərinin telefon söhbətində də özünü büruzə verib.

İran Xarici İşlər Nazirlinin məlumatında deyilir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qafqaz regionunda baş verən son hadisələrə toxunaraq Azərbaycan və Ermənistan da daxil olmaqla ölkələrin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini vurğulayıb.

İran xarici işlər naziri Əmir Abdullahian isə xarici qüvvələrin Qafqazda mövcudluğunu region ölkələrinin ortaq narahatlığı kimi qiymətləndirib və İranın hər hansı xarici qüvvələrin bölgəyə yerləşdirməsinə qarşı olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bölgədə xarici qüvvələrin olmasına qarşı olduğunu bildirib.

Yerli ekspertlər İran tərəfinin xarici qüvvələr deyəndə İsrail və Amerikanı nəzərdə tutduğunu bildirir. İranın Azərbaycana qarşı bəyanatları həmçinin İsrailin müdafiə nazirinin Azərbaycana səfərindən sonraya təsadüf edir. Belə ki, İsrail Azərbaycan Ordusunun ən böyük silah təchizatçılarından biridir. Azərbaycan son illərdə İsraildən milyardlarla dollar məbləqində silah, sursat, hərbi texnika idxal edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG