Accessibility links

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışğı olub


Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

İRNA agentliyi isə bildirir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığında deyib ki, İran Qafqaz münaqişəsinin həllinin düzgün yolunun 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan+Türkiyə, Rusiya, İran-red) görüşdə və regional mexanizmlərdə olduğuna inanır.

Telefon danışığı zamanı Əmir Abdullahian Bayramovu əmin edib ki, İran həmişə olduğu kimi, diplomatik və regional kanallar vasitəsilə Azərbaycan və Ermənistan respublikaları arasında mübahisələrin həllinə yönəlmiş səylərini diqqət mərkəzində saxlayır.

Əmir Abdullahian yaxşı İran-Azərbaycan münasibətlərinə toxunaraq, iki ölkə prezidentləri arasında Astanada keçirilən son görüşdə Azərbaycanın da daxil olmaqla bütün region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi ilə bağlı razılığa gəldiklərini bildirib.

"Biz həmçinin həmişə hesab etmişik ki, regionda xarici qüvvələrin olması mübahisələri daha da çətinləşdirir və buna görə də biz onların mövcudluğuna qarşıyıq," İranın xarici işlər naziri qeyd edib.

İranın ali diplomatı daha sonra vurğulayıb ki, regionun təhlükəsizliyi bütün region ölkələri üçün həyati əhəmiyyət kəsb edən məsələdir.

"İran Azərbaycanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir, regionda sülh və sabitlik, eləcə də sağlam regional əməkdaşlıq olması üçün xarici qüvvələrin yerləşdirilməsinin əleyhinədir," İRNA agentliyinin məlumatında deyilir.

İki ölkəninn xarici işlər naziri arasında telefon danışığı İran xarici işlər nazirinin oktyabrın 20-22-də Ermənistana səfərindən sonraya təsadüf edir.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın İranla sərhədində yerləşən Qafan şəhərində İranın baş konsulluğunun açılış mərasimində iştirak edib.

İRNA agentliyinin məlumatına görə Hüseyn Əmir Abdullahiyan bildirib ki, Ermənistanın suverenliyinə və bütövlüyünə hörmət İranın siyasətidir.

“İran Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir,” o qeyd edib.

Nazir, həmçinin ümidvar olduğunu bildirib ki, İran konsulluğu “dost Ermənistan hökumətinin tam dəstəyindən istifadə edəcək. Mən bununla İran hökumətinin Təbrizdə Ermənistanın Baş Konsulluğunu açmağa hazır olduğunu bildirirəm. İranın baş konsulluq açmaq qərarı iki ölkə xalqları arasında münasibətlərin dərinliyindən xəbər verir”.

Şimal-cənub dəhlizi boyunca Ermənistanın cənubunda yerləşən Sünik əyalətindən (Zəngəzur) danışan Əmir Abdullahian deyib ki, Tehran bu tranzit marşrutunu gücləndirmək və genişləndirmək üçün Ermənistanla birgə çalışacaq.

Əmir Abdullahian həmçinin xarici qüvvələrin regionda olmasının əleyhinə olduğunu deyib.

Iran xarici işlər nazirinin Ermənistana səfəri, bu ölkənin Qafan şəhərində baş konsulluq açması və Ermənistanı azərbaycanlıların yaşadığı Təbriz şəhərində baş konsulluq açmağa təşviq etməsi Azərbaycanda sərt tənqidlərlə qarşılanıb. Hətta rəsmi televiziya Milli Məclisin deputatlarının iştirakı ilə İranın tənqidi yer alan debatlar təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG