Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 5-də axşam etdiyi müraciətində bildirib ki, İran Rusiyanı az sayda dronla təmin etdiyini bildirdiyi zaman yalan söyləyir.
Zelenski Ukrayna hərbçilərinin hər gün İranın ən azı on pilotsuz təyyarəsini vurduğunu qeyd edib. “Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz təyyarələrdən necə istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar,” Ukrayna prezidenti vurğulayıb.
Zelenski əlavə edib ki, dünya ictimaiyyəti İran və Rusiya arasında əməkdaşlığın ifşası üçün səylərini davam etdirəcək və “terrorçuların şərikləri cəzasız qalmayacaq”.
Washington Post qəzeti avqust ayının sonlarında İranın ilk hərbi dronlarının Ukrayna ilə müharibə zamanı istifadə üçün Rusiyaya gətirildiyi barədə məlumat verib. İran hakimiyyəti Rusiyaya dronlarının çatdırılmasını dəfələrlə təkzib edib. Moskva hərbi əməliyyatlarda İran silahlarından istifadə etdiyini rədd edib.
Noyabrın 5-də İranın xarici işlər naziri ilk dəfə Moskvaya hərbi dronların çatıdırıldığını etiraf edərək, bunun Rusiyanın Ukraynaya hücumundan əvvəl baş verdiyini qeyd edib.
Silahların göndərildiyini etiraf edən xarici işlər naziri Hüseyn Əmir Abdullahian şənbə günü deyib ki, İran münaqişəni dayandırmaq öhdəliyinə sadiqdir.
“Biz Ukrayna müharibəsindən aylar öncə Rusiyaya məhdud sayda dron vermişik,” Abdullahian Tehranda keçirilən görüşdən sonra müxbirlərə bildirib.