Accessibility links

Azərbaycan və İran xarici işlər nazirləri iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyəti müzakirə edib


Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Noyabrın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə edib.

“Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər,” məlumatda qeyd edilır.

İran Xarici İşlər Nazirliyi telefon danışığı ilə bağlı hələ məlumat yaymayıb.

Telefon danışığı noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İran xüsusi xidmət orqanlarının Azərbaycanda casus şəbəkəsini ifşa etməsi ilə bağlı məlumat yaydığı günə təsadüf edir.

Bundan öncə noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və İran xarici işlər nazirlərinin telefon söhbəti münasibətlərdəki vəziyyəti normallaşdırmayacaq.

“Bu 30 ildə oxşar telefon danışıqlarının, qarşılıqlı səfərlərin, görüşlərin, “dost və qardaşlıq” fikirlərinin çox şahidi olmuşuq. Hətta 1990-cı illərin sonlarında iki ölkənin təhlükəsizlik xidmətləri belə bir razılığa gəlmişdilər ki, bir-birimizə qarşı kəşfiyyat işləri aparılmasın. Nəticə bəllidir. İranla gərginlik istəmədiyimiz halda Tehran münasibətləri qırılma nöqtəsinə gətirib çıxardıb.”

Politoloq hesab edir ki, münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır.

“Birinci növbədə Zəngəzur dəhlizi əleyhinə daima səsləndirdikləri “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” açıqlamalarına son verməli, Azərbaycan əleyhinə sərhəddə hərbi təlimlərdən imtina etməli, partlayışlarda “Azərbaycan izi” axtarmaqdan vaz keçməlidirlər. Bütün bunları edəcəklərmi? Çətin. İranda qərar verən və Azərbaycana düşmən gözüylə baxan ali dini liderin ətrafı və SEPAH generallarıdır, prezident və xarici işlər naziri sadəcə verilən qərarların icraçılarıdırlar. Ona görə də İran xarici işlər naziri telefon söhbətində azərbaycanlı həmkarına verdiyi vədi yerinə yetirə bilməyəcək,” o qeyd edib.

Azərbaycan və İran arasında diplomatik sahədə son zamanlar fikir ayrılıqları fonunda hərbi təlimlərin keçirilməsi müşahidə edilib.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi Twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəddə, ölkənin cənub rayonlarında Xüsusi Təyinatlı Qüvvələrinin təlimini izləyib.

Bu il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü münasibəti ilə çıxışında İranın Azərbaycanla sərhəddə hərbi təlimlərinə işarə edərək bildirib ki, "hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz".

Son zamanlar hər iki ölkənin parlamentinin deputatları da daxil olmaqla, rəsmi şəxsləri, media qurumları bir-birinə qarşı kəskin tənqidi çıxışlar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG