Accessibility links

Babək Çələbiyanlı: Azərbaycanlılar İran rejiminə qarşı etirazlarını “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bildirir


Babək Çələbiyanlı: Azərbaycanlılar İran rejiminə qarşı etirazlarını “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bildirir
please wait

No media source currently available

0:00 0:08:14 0:00

Babək Çələbiyanlı: Azərbaycanlılar İran rejiminə qarşı etirazlarını “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bildirir

İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra rejim əleyhinə etiraz nümayişlərinin iki aydan artıq müddətdir davam etdiyi zaman ölkənin azərbaycanlıların yaşadığı bölgələrində insanlar öz tələblərini irəli sürərək aksiyalara qoşulur. İran Azərbaycanında Təbriz və digər şəhərlərdə universitet tələbələri etiraz aksiyaları keçirib, böyük ticarət mərkəzlərinin işçiləri tətil etdiklərini bildiriblər. Bu etiraz nümayişlərində Azərbaycan türkləri “azadlıq, ədalət və milli hökumət” şüarları səsləndirir. ABŞ-da yaşayan güneyli milli fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə İranda azərbaycanlıların digər etnik qrupların nümayəndələri ilə etirazlara qoşularaq öz tələblərini dilə gətirdiyini bildirib. O, azərbaycanlıların əsas tələblərinin ana dilində təhsil, Urmiyə gölündə yaranmış ekoloji vəziyyət və ictimai-siyasi hüquqların təmin edilməsi ilə bağlı olduğunu deyib.

Babək Çələbiyanlının bildirdiyinə görə, son illərdə İran Azərbaycanının şəhərlərində ana dilində təhsil, Urmiyə gölünün quruması ilə bağlı etirazlarda yüzlərlə azərbaycanlı gənc İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib, çoxlarına qarşı məhkəmə işləri açılıb. O, azərbaycanlıların İran rejiminə qarşı ölkənin digər etnik azlıqları ilə etiraz aksiyalarına qoşulduğunu qeyd edərək, bu nümayişlərdə onların öz şüarlarını səsləndirdiklərini deyib.

“Azərbaycanlılar bu reallığa gəlib çatıblar ki, təkbaşına bu rejimin qarşısında qalib ola bilmyəcəklər. Ona görə də keçən iki ayda digər xalqlarla bərabər-ərəblərlə, kürdlərlə, bəluclarla və farsların özü ilə bərabər İran rejiminə qarşı mücadilələrini yürüdürlər və onların özlərinin bu özəl şüarları var: “azadlıq, ədalət və milli hökumət”.

Babək Çələbiyanlı son iki ayda ölkədə yaşayan etnik azlıqların nümayəndələrinin İranda rejim əleyhinə öz etirazlarını, müxalifliyini nümayiş etdiyini qeyd edib. Onun sözlərinə görə, əvvəllki illərdən fərqli olaraq etirazlar ölkənin hər yerində, bütün etnik azlıqların birlik göstərdiyi şəraitdə davam edir.

“Artıq İranda demək olar ki, bütün millətlər bu nəticəyə gəlib ki, təkbaşına heç bir millət İran rejiminə qarşı bir naliyyət əldə edə bilməz. Buna görə də demək olar ki, rejimə qarşı bir hərəkat yarandı. İndi görürük ki, keçən iki ayın içində həm azərbaycalılar, həm bəluclar, həm ərəblər, həm kürdlər və farsların özü də, hamı İranın hər yerində rejimə qarşı mücadilə və mübarizə aparırlar.”

Babək Çələbiyanlı İran rejiminin əvvəlki illərdə ayrı-ayrı regionlarda baş verən etirazları güc yolu asanlıqla yatıra bildiyini, lakin hazırda nümayişlərin İranın bütün bölgələrini bürüdüyü şəraitdə bunu etməyə nail ola bilmədiyini deyib.

“Əgər xalq etirazlarını bu cür davam etdirirsə, İranda böyük dəyişiklilərin şahidi ola bilərik,” o qeyd edib.

Babək Çələbiyanlı Azərbaycan prezidenti İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının zirvə görüşündə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və dil və mədəniyyətlərinin qorunması ilə bağlı açıqlamalarına toxunaraq, bunu “tarixi çıxış” adlandırıb.

“Güneydə yaşayan soydaşlarımız hər zaman Azərbaycan Respubikası hakimiyyətindən bunu gözləyirdi. Gec də olsa, bu tarixi şəraitdə Azərbaycan Respubikasının prezidentinin bu çıxışı hər kəsi mutlu etdi, hər kəsi sevindirdi,” o bildirib.

Son günlər bəzi güneyli fəallar Türk Dövlətləri Təşkilatının zirvə görüşündə azərbaycanlıların hüquqlarının müdafiəsi və dil və mədəniyyətlərinin qorunması məsələsini qaldırdığına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG